🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Abşeronda yağışdan sonra subasma ərazilərində bərpa işləri davam edir

Azərbaycan.media xəbər verir ki, bir neçə gün öncə davamlı yağışlar nəticəsində Abşeron rayonunun Xırdalan şəhəri, eləcə də kənd və qəsəbələrinin bəzi yerlərində subasma halları müşahidə olunub. Ötən müddət ərzində bir çox ərazilərdə yığılan su kütləsi təmizlənmiş, lakin bəzi yerlərdə yağışın yaratdığı fəsadların aradan qaldırılması işləri davam etdirilir. Qəza nəticəsində fəaliyyətini dayandırmış nasosxanalar bərpa olunub, elektrik enerjisinin kəsintisiz verilməsi təmin edilib. Rayon ərazisindəki göllərin səviyyəsinin yüksəlməsi və fərdi yaşayış evlərinə əlavə zərərin qarşısını almaq məqsədilə göl əraziləri və yaxınlıqdakı sahələr xüsusi nəzarət altına alınıb, nasosxanalar əlavə texniki vasitələrlə gücləndirilib.
Azərbaycan.media xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti, yerli bələdiyyələr, FHN və ADSEA tərəfindən ərazilərə cəlb olunmuş xüsusi texnikalar və nasoslar vasitəsilə küçə, həyətyanı sahələr və zirzəmilərdə yığılmış yağış sularının fasiləsiz şəkildə kənarlaşdırılması davam etdirilir. Yağıntı miqdarı çox olduğundan problemli ərazilər prioritet bölgü əsasında mərhələli şəkildə təmizlənir. Xüsusilə Məmmədli kəndində əlavə texnika cəlb edilərək 6 ünvanda nasoslar quraşdırılıb və yığılmış suyun kənarlaşdırılması sürətləndirilib.
Sakinlərin müraciətləri əsasında Xırdalan, Masazır, Məmmədli, Qobu və Hökməli kimi yaşayış məntəqələrində təxliyə işləri həyata keçirilib. Su basmış mənzillərdə yaşayan vətəndaşlar müvəqqəti olaraq hotellərə və kirayə evlərə yerləşdirilib. Ciddi zərər görmüş və qəzalı vəziyyətə düşmüş bir neçə fərdi yaşayış evinin sakinləri isə təxliyə olunaraq bərpa işlərinə dəstək göstərilir.
Bütün bu tədbirlərlə yanaşı, yağışlardan sonra çirklənmiş küçə və prospektlərdə təmizlik işləri də davam etdirilir.