Azərbaycan.media xəbər verir ki, xalq artisti Firəngiz Mütəllimova mərhum aktyor Rasim Balayev ilə bağlı xatirələrini bölüşüb. O, Kult.az-a açıqlamasında Şuşada yaşadığı uşaqlıq illərindən danışıb:
“Mən Şuşada kinoteatr olan məhəllədə yaşayırdım. Təxminən yeddinci sinifdə oxuyanda kinoteatrlara Nəsimi filmi və afişaları gəlmişdi. Dayım da orada işlədiyi üçün mənə həmin afişalardan gətirdi. Filmə baxdım və o andan sonra qərara gəldim ki, aktrisa olacağam”, – Mütəllimova xatırlayıb.
Xalq artisti həmçinin Rasim Balayevi görmək arzusundan danışıb:
“Ən böyük arzum Rasim Balayevi görmək idi. Ona məktub da yazmışdım. İkinci kursda olarkən onunla şəkil çəkdirmişdim və həmin fotonu paylaşmışam. İllər sonra universitetin həyətində Rasim Balayev gəlib, yazdığım məktubu saxladığını bildirdi. Mən təəccübləndim. Həmin məktub idi. O, dedi ki, evdəki məktublara baxanda sənin adını gördüm və saxladım. O vaxt mən artıq sənətdə tanınırdım”, – aktrisa qeyd edib.
Firəngiz Mütəllimova Rasim Balayevlə birgə çəkildiyi “Qala” filmindən də danışıb:
“Biz filmə tərəf müqabili olduq. Rasim bəyin həyat yoldaşı və nəvəsi də orada idi. O, çox gözəl insan və tərəf müqabili idi. Nə yaxşı ki, həmin anları yaşadım və filmdə çəkildim. Rasim bəy mənə son dəfə qardaşım vəfat edəndə başsağlığı verdi. Onunla hərdən danışırdıq, tədbirlərdə görüşürdük. Bütün sənət adamlarına qarşı istiqanlı və mehriban idi. O, əsl Azərbaycan kişisi və sözün düzünü deyən insan idi. Rasim Balayevin ailəsinə və doğmalarına səbr diləyirəm. Doğrudan da böyük itkidir. Allah rəhmət eləsin!”
Azərbaycan.media
