🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Google Translate artıq süni intellektlə daha təbii və canlı tərcümələr təqdim edir

Azərbaycan.media xəbər verir ki, texnologiya nəhəngi Google uzun müddətdir gözlənilən addımı ataraq Google Translate xidmətinə süni intellekt inteqrasiya edib.
Sistemə Gemini adlı böyük dil modeli əlavə olunub. Bu yenilik sayəsində əvvəlki kimi sözbəsöz və bəzən süni səslənən tərcümələrdən imtina edilərək daha məna yönümlü və canlı dilə keçid təmin olunub. Süni intellekt idiomları, slenq ifadələri və danışıq üslubunu daha dəqiq tanıyaraq yalnız sözləri deyil, fikrin mahiyyətini də ötürə bilir.
Yeniləmə martın 26-dan mərhələli şəkildə istifadəyə verilib və hazırda Apple iOS tətbiqi və veb versiya istifadəçiləri üçün əlçatandır. Yeni texnologiya ingilis dili ilə yanaşı, təxminən 20 geniş yayılmış dili – ispan, hind, çin, alman və yapon dillərini də əhatə edir.
Bundan əlavə, real vaxt rejimində səs tərcüməsi funksiyası da beta versiyada istifadəyə verilib. Bu funksiya simsiz qulaqlıqlardan istifadə edənlər üçün nəzərdə tutulub və danışanın intonasiyası, aksenti və fərdi danışıq ritmini qoruyaraq tərcüməni daha təbii təqdim edir. Hazırda bu imkan yalnız Android cihazlarında aktivdir, lakin Google ilin sonuna qədər iOS cihazları üçün də dəstək əlavə etməyi planlaşdırır.
Qeyd edək ki, bu yeniliklər Gemini chatbot funksionallığının genişləndirilməsi fonunda həyata keçirilir. Daha əvvəl məlum olub ki, süni intellekt artıq ChatGPT və digər platformalardan ixrac edilmiş yazışmaları analiz edə bilir ki, bu da Google-un universal rəqəmsal assistent sahəsində mövqeyini gücləndirir.