DSX: Mart ayında sərhədi pozan 9 nəfər saxlanılıb, yüzlərlə axtarışda olan şəxs tutulub
Azərbaycan.media xəbər verir ki, Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin mart ayı ərzində dövlət sərhədini pozduqlarına görə 9 nəfər saxlanılıb.
Qurumun Mətbuat Mərkəzindən verilən məlumata görə, saxlanılan şəxslərdən 3-ü Azərbaycan, 3-ü Pakistan, 2-si İran, 1-i isə Qazaxıstan vətəndaşı olub.
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, eləcə də özgəsinə məxsus sənədlərlə sərhədi keçməyə cəhd göstərən 6 nəfər də saxlanılıb.
Bildirilib ki, sərhəd rejimi qaydalarını pozduqlarına görə ümumilikdə 72 nəfər barəsində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 322 nəfər saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib.
Eyni zamanda, ölkədən çıxışı qadağan edilmiş 582 nəfərin ölkəni tərk etməsinin, eləcə də ölkəyə girişi qadağan olunan 11 nəfərin daxil olmasının qarşısı alınıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan əməliyyatlar zamanı 541 kiloqram 132 qram narkotik vasitə və 17 ədəd narkotik tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Qaçaqmalçılıqla mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 7 milyon 573 min 290 manat olan müxtəlif növ qaçaqmal, o cümlədən xarici valyuta, odlu silah patronları, dərman vasitələri və tütün məmulatları aşkar edilərək götürülüb.
Qeyd olunub ki, dövlət sərhədlərinin etibarlı mühafizəsi istiqamətində tədbirlər davam etdirilir.
