Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibəni mənasız adlandırıb. O, bunu Dünya İqtisadi Forumunun Türkiyə Ölkə Strategiyası Toplantısında çıxışı zamanı bildirib.
Ərdoğan vurğulayıb ki, bir aydır bölgəni sarsıdan bu münaqişənin bədəlini yalnız tərəflər deyil, bütün bəşəriyyət ödəyir. Onun sözlərinə görə, diplomatiya və dialoq yolu ilə ortaq məxrəc tapıla biləcək bir zamanda müharibənin davam etdirilməsi bütün dünyanın ziyanına işləyir: “Münaqişələr sona çatmasa, böyük bədəl ödəniləcək”.
Prezident həmçinin qeyd edib ki, son illər qlobal iqtisadiyyat pandemiya sonrası bərpa, yaşıl və rəqəmsal transformasiya, artan ticarət gərginlikləri və geosiyasi proseslərlə formalaşan mürəkkəb gündəmə sürüklənib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyat başlayaraq ölkənin şəhərlərinə hava zərbələri endirib. İran isə cavab olaraq İsrail ərazisinə raket atıb və ABŞ-ın Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücumlar edib. Regionun bəzi ölkələri təhlükəsizlik məqsədilə hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində həyatını itirib.
