🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Deputat: “Artıq regionun taleyi Bakıda müəyyən olunur”

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı Elnarə Akimova 44 günlük Vətən müharibəsindən sonra regionda yeni geosiyasi reallıqların formalaşdığını bildirib.
Saytımıza açıqlama  verən deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan qələbə Azərbaycanın regiondakı əsas siyasi gücə çevrildiyini nümayiş etdirib.


Onun sözlərinə görə, uzun illər ərzində beynəlxalq təşkilatlar Qarabağ münaqişəsi ilə bağlı yalnız formal qərarlar qəbul edib, böyük dövlətlər isə problemin “dondurulmuş” vəziyyətdə qalmasında maraqlı olublar:
“Azərbaycan həmin oyunu dağıtdı. 44 günlük müharibə sübut etdi ki, siyasi iradə, iqtisadi müstəqillik və güclü ordu olduqda, onillərlə davam edən ədalətsizliyi dəyişmək mümkündür”.
Deputat bildirib ki, müharibədən sonra “Qarabağ məsələsi” anlayışı artıq tarixə çevrilib və Azərbaycan öz suverenliyini tam təmin edib.
Elnarə Akimova vurğulayıb ki, bəzi xarici dairələr regionda yaranmış yeni güc balansını qəbul etmək istəmir:
“Bu gün Bakı həm siyasi diktə edən mərkəzdir, həm də regional layihələrin əsas müəllifidir. Zəngəzur dəhlizindən enerji və nəqliyyat marşrutlarınadək bütün proseslər Azərbaycanın regionun gələcəyini müəyyən edən əsas faktora çevrildiyini göstərir”.
Deputat əlavə edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli qürurunu bərpa edib və dövlətin gücünü bütün dünyaya nümayiş etdirib.

 

Azərbaycan.media