🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

DƏNİZ VƏ MƏN…

(SÜDABƏ SƏRVİ)

Dənizə baxıram, dəniz nə sakit
Sanki bürünübdü göz yaşlarına
Təbiət elə bil ütü çəkibdi
Dənizin lacivərd qırışlarına

Üfüq tül pərdəni çəkir üzünə
Nəhəng bir beşiyə bənzəyir dəniz
Bəlkə layla çalır özü özünə
Görən pışıldayıb nə deyir dəniz?

Bu anda unudub bütün dünyanı
Düzürəm sözləri fikir sapına
Dəniz də mənim tək yorulub bu gün
Göz yumub dünyanın hər əzabına…

Mənbə: Azərbaycan.media