🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Avropa İttifaqında gömrük sistemi əsaslı şəkildə yenilənir

Azərbaycan.media xəbər verir ki, Avropa İttifaqı (Aİ) gömrük sisteminin modernləşdirilməsi ilə bağlı mühüm razılıq əldə edib. AZƏRTAC-ın məlumatına görə, Aİ Şurası və Avropa Parlamenti artan qlobal ticarət həcmləri, xüsusilə elektron ticarətin genişlənməsi və geosiyasi çağırışlar fonunda gömrük qaydalarının islahını razılaşdırıb.
Yeni qaydalar gömrük rüsumlarının səmərəli toplanmasını, riskli və təhlükəli mallara nəzarətin gücləndirilməsini və ticarətin sadələşdirilməsini təmin edəcək. İslahat çərçivəsində Aİ üzrə vahid gömrük məlumat platformasının yaradılması planlaşdırılır. Bu platforma vasitəsilə şirkətlər gömrük öhdəliklərini yerinə yetirmək üçün məlumatları artıq 27 ayrı orqana təqdim etməyəcək, eyni məlumatla bir neçə göndərişi rəsmiləşdirmək mümkün olacaq, bu da vaxt və xərclərə qənaət edəcək.
Yeni Gömrük Agentliyi Fransanın Lil şəhərində yerləşəcək və əsas tənzimləyici sənəd qüvvəyə mindiyi gün fəaliyyətə başlayacaq. Agentlik idxal və ixrac məlumatlarını təhlil edərək riskli yükləri müəyyən edəcək və üzv dövlətlər arasında koordinasiyanı gücləndirəcək.
Qaydalar etibarlı şirkətlər üçün sadələşdirilmiş prosedurların tətbiqini, e-ticarət vasitəsilə Aİ-yə daxil olan kiçik bağlamalar üçün isə yeni rüsumların tətbiqini və platformaların məsuliyyətinin artırılmasını nəzərdə tutur. Razılaşmaya əsasən, gömrük məlumat platforması 2028-ci il iyulun 1-dən e-ticarət malları üçün fəaliyyətə başlayacaq, bütün mallar isə mərhələli şəkildə 2034-cü il martın 1-dək sistemə daxil ediləcək.