Azərbaycan.media xəbər verir ki, Birləşmiş Ştatların Maliyyə Nazirliyi ABŞ-nin yaranmasının 250 illiyi münasibətilə milli valyuta əsginaslarında Prezident Donald Trampın və nazir Skott Bessentin imzalarını yerləşdirməyi planlaşdırır. Report-un məlumatına görə, bu, ölkə tarixində fəaliyyətdə olan dövlət başçısının imzasının pul nişanlarında əks olunacağı ilk hal olacaq.
Bessent bildirib: “Böyük ölkəmizin və prezident Donald Trampın tarixi nailiyyətlərini qeyd etmək üçün üzərində onun adı olan Amerika dollarını buraxmaqdan daha təsirli bir yol yoxdur”. Nazir əlavə edib ki, Trampın ölkənin iqtisadi dirçəlişində “qızıl dövrün memarı” rolunu nəzərə alaraq, imzasının milli valyutaya həkk olunması tamamilə layiqdir.
Qeyd edək ki, ABŞ 1776-cı ildə İstiqlaliyyət Bəyannaməsini təsdiqləyərək Britaniya imperiyasının hökmranlığından azadlığını rəsmiləşdirib. 2 iyul 1776-cı ildə Filadelfiyada konqres tərəfindən bəyənilən sənəd iki gün sonra redaktə olunaraq kütlələr arasında yayılıb və bununla 4 iyul ABŞ-ın yaranma tarixi hesab olunur.
