🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

FHN-dən xəbərdarlıq: Güclü yağış, sel və ildırım təhlükəsi gözlənilir

Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi yaxın günlərdə ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
Nazirlikdən bildirilib ki, intensiv yağıntıların sel və daşqınlara səbəb ola biləcəyi ehtimalı nəzərə alınaraq, vətəndaşlara sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmaq tövsiyə olunur. Belə hallarla qarşılaşdıqda isə dərhal yaxınlıqdakı yüksəkliklərə qalxmaq vacibdir.
Eyni zamanda, ildırım təhlükəsindən qorunmaq üçün elektrik cihazlarının şəbəkədən ayrılması, telefonlardan istifadə edilməməsi, açıq ərazilərdə elektrik xətləri, ildırımötürücülər, antenalar və hündür ağaclardan uzaq durulması tövsiyə edilir. Açıq sahədə olarkən nisbətən çökək ərazilərə sığınmaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək məsləhətdir.
Bundan əlavə, bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin yarana biləcəyi qeyd olunaraq, vətəndaşlara belə ərazilərdən, xüsusilə dik yamaclardan uzaq durmaq tövsiyə olunur.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, bəzi yerlərdə intensiv yağışların yağacağı, dağ çaylarında qısamüddətli sel hadisələrinin baş verəcəyi və şimşək çaxacağı gözlənilir. Həmçinin, qərb küləyinin güclənməsi və temperaturun artması fonunda yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı artır.