Azərbaycan.media xəbər verir ki, sosial mediada yayılan görüntülərə görə, bölgələrdən Bakıya gəlmək istəyən şəxslər onlayn bilet alsalar da, avtovağzalda avtobusa minməkdə çətinliklə üzləşiblər.
Məlumata görə, sərnişin sıxlığı səbəbindən bəzi şəxslər yerindəcə pul ödəyərək bilet alıb avtobusa buraxılır. Nəticədə əvvəlcədən onlayn bilet əldə edən sərnişinlər avtobusa minə bilməyib. Şikayətçi bildirib ki, dəfələrlə etiraz etsə də, məsələ ilə bağlı diqqət göstərilməyib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, ilkin mərhələdə müəyyən anlaşılmazlıq yaranıb, lakin məsələ həll olunub. Şikayətçi bilet aldığı avtobusu səhv saldığı üçün problem yaranıb. Vətəndaş sonrakı avtobusa bilet alaraq təyinat nöqtəsinə çatıb.
