🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumağın vacibliyi

 

Azərbaycan.media xəbər verir ki, jurnalist Fəridə Aslanova uşaqların sosial şəbəkələrdən və yad təsirlərdən qorunmasının əhəmiyyətini vurğulayır.
“Uşaqları sosial şəbəkələrin yad təsirlərindən qoruyaq! Bunu az qala 20 ildir deyirəm. Bu illər ərzində övladlarımın hər hərəkətini izləyib davranışlarını müşahidə etmişəm və əminliklə deyə bilərəm ki, özbaşına uşaq olmaz. İşimi-gücümü atıb onlara diqqətimi yönəltmişəm.
Yadımdadır, bizimkilər hansısa multfilm personajının çətirlə yüksək yerdən tullandığını görüb həvəsə düşmüşdülər, evdə əllərində çətir stula çıxıb oradan tullanırdılar. Hətta bir dəfə qızım oğluma dedi ki, “gəl özümüzü balkondan yerə ataq, onda yaxşı uçacağıq.” Eşidəndə qorxumdan rəngim saraldı, onları bir dəqiqə gözümdən buraxmadım. Hər dəfə parklardakı yelləncəklərə apardım, başlarını qatdım, onlarla uşaq kimi oynadım.
Bir az böyüdükdən sonra kurslara yazdırdım: fortepiano, əl işləri, rəsm, xalçaçılıq, şahmat, rəqs, oyma sənəti, ingilis dili və s. Onların vaxtı nəfəs almağa da çatmasın deyə məşğul etdim. Heç vaxt “iqra” oynamağa qoymadım.
Zaman keçdikcə bir şeyi anladım: insanın başına gələn bədbəxtliklərin çoxu boş oturmaqdan irəli gəlir. Məsələn, plastik əməliyyatlar. Özüm buna vaxt ayıra bilmirəm, amma bir gün salon işində bir damcı vaxt ayırıb güzgüyə baxdım və gördüm ki, ətrafımda dəyişikliklər var. Yanımdakılar məni tətikləyirdilər: “Dodaqlarına həcm ver, qırışlarını düzəlt, qaşlarını ox kimi et…” İçimdə xeyirlə şərin mübarizəsi başladı. Qadınam, gözəl olmaq istəyirəm, amma sanki hipnozun bir addımlığında ayıldım. “Həcm”, “yüngül toxunuşlar”, “ox kimi qaşlar” – bunlar insanı tələyə salan sözlərdir.
Dediyim odur ki, ətrafımız hipnozçularla doludur, bizi özümüz kimi olmağa qoymurlar. Sosial şəbəkələr də bizi manipulyasiya edir, darıxdırır, kimdənsə asılı vəziyyətə salır. Böyüklər bu burulğandan güclə çıxır, amma uşaqlar? Sosial şəbəkələr sanki güclü çəkim gücü olan qara dəlikdir – bir dəfə düşdünmü, çıxmaq çətindir.
Məni ən çox narahat edən isə ailələrin getdikcə müflisləşməsidir. Bunun səbəbi bəzi insanların başlarından böyük qələtlər edib ayaqlarını yorğanlarına görə uzatmamasıdır. Onlayn qumar oyunlarında uduzanların sayı artıb və ailələr bu biabırçılıqları gizlətməyə çalışır. Var-dövlət arzusu insanları tələyə salır. Məsələn, Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” komandalarının oyunu üçün mərcə girən gənclər 4 min manat itirmişdi. Sosial şəbəkələr üzərindən mərci qumara çevirmək uşaqlara da mənfi təsir edir.
Mən hər şeydən qorxan bir insanam və hamını özümdən qoruyanam. Məndən ziyan gəlməsin kiməsə. Yazdığım düşüncələr ziyanlıdırsa, üzr istəyirəm,” – deyə Fəridə Aslanova qeyd edib.

 

Müəllif: Fəridə Aslanova

Mənbə: Azərbaycan.media