🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyevin Xocalıya səfəri milli yaddaş və bərpa prosesinə diqqəti vurğuladı

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalıya səfəri Xocalı faciəsinin ildönümü ərəfəsində həyata keçirilmiş mühüm siyasi və mənəvi addımdır.

Bu səfər təkcə dövlət başçısının anım missiyası deyil, həm də azad edilmiş torpaqlarda həyatın bərpası, ədalətin və tarixi yaddaşın qorunması istiqamətində atılan addımların simvoludur. Xocalı torpağına dönüş, faciə simvolundan dirçəliş və yenidənqurma məkanına çevrilməsinin göstəricisidir.

Milli Məclisin deputatı Elnarə Akimova Azərbaycan.media.az-a bildirib ki, səfər tarixlə canlı təmasın, yaddaşla qayıdışın və dövlət-vətəndaş birliyinin rəmzidir.

Səfər çərçivəsində Xocalı Soyqırımı Memorialının açılışı həyata keçirilib ki, bu da qurbanların xatirəsinə dövlət səviyyəsində ehtiramın ifadəsi və milli yaddaşın rəsmi təsdiqi kimi dəyərləndirilir.

Deputat qeyd edib ki, sakinlərlə görüşlərdə həm keçmişin ağrısı, həm də gələcəyə ümid aydın görünürdü. Dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa ünsiyyəti sosial məsuliyyətin real ifadəsi kimi qiymətləndirilir.

Səfər həm də azad edilmiş ərazilərdə davam edən bərpa və quruculuq işlərinin gedişini nümayiş etdirir. İnfrastruktur layihələri, yaşayış mühitinin formalaşdırılması və sosial xidmətlərin bərpası dövlət siyasətinin ardıcıl xarakterini göstərir.

Elnarə Akimova vurğulayıb ki, səfər siyasi liderlik ilə milli yaddaş arasında emosional körpü yaratdı, insanların gündəlik həyatına diqqət və qayğı göstərdi, tarixin ağrılı səhifələri ilə üz-üzə dayanaraq gələcəyə baxmağı mümkün etdi.

Deputat əlavə edib: “Xocalı yalnız coğrafi məkan deyil, milli yaddaşın ağrılı, lakin birləşdirici səhifəsidir. Bu səfər bir daha göstərdi ki, zaman keçsə də yaddaş yaşayır; ağrı sönmür, lakin ümid də tükənmir”.

Azərbaycan.media