🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Azərbaycan.media xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə 28 fevral – 1 mart tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, yarmarkanın əsas məqsədi yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd təsərrüfatı məhsullarına əlçatanlığını təmin etməkdir.

Yarmarkada 24 regionu təmsil edən 51 fermer tərəfindən 145-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulları satışa çıxarılacaq.

Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Vətəndaşlar məhsulların keyfiyyəti ilə bağlı sual yarandığı halda yarmarka ərazisində fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına müraciət edərək analiz etdirə bilərlər.

Yarmarka iki gün ərzində saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında – Gənclik metro stansiyasının yaxınlığında keçiriləcək.

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.