Əməkdar mədəniyyət işçisi, aparıcı Zaur Baxşəliyev – 45
Azərbaycan.media xəbər verir ki, Azərbaycan televiziya məkanında tamaşaçı sevgisi, xalq rəğbəti və ictimai etimadı ilə seçilən nadir sosial layihələrdən biri — “BizimləSən” verilişidir. ATV kanalında yayımlanan bu proqram illərdir ki, sadəcə efir layihəsi deyil, insanların taleyinə toxunan bir ümid platforması kimi fəaliyyət göstərir.
“BizimləSən” cəmiyyətin ağrılı nöqtələrinə işıq tutur, çətin vəziyyətdə qalan ailələrin səsini çatdırır, sosial problemləri diqqət mərkəzinə gətirir. Hər buraxılış real həyat hekayəsidir – biri kədərli, digəri ümid dolu, lakin hamısı gerçək və səmimi. Proqram tamaşaçını yalnız məlumatlandırmır, onu düşündürür, duyğulandırır və ən əsası insanlıq məsuliyyətini xatırladır. Elə bu səbəbdən layihə uzun illərdir həm reytinqlərdə, həm də ictimai rəydə ön mövqeyini qoruyur.
Layihənin əsas missiyası insanın insana dayaq olması prinsipinə söykənir. Efirdə təqdim olunan hər süjet bir taleyin izi, bir ailənin ağrısı, bir ümid işığıdır. Məsuliyyət və empatiya ilə hazırlanan proqram yüzlərlə ailəyə real dəstək olub, bir çox hallarda talelərin dönüş nöqtəsinə çevrilib. Bəzən ağır xəstələrin müalicəsinə, bəzən ailələrin barışmasına, bəzən də çıxılmaz vəziyyətdə qalan insanların səsinin aidiyyəti qurumlara çatdırılmasına səbəb olub. Bu layihə reytinq xatirinə deyil, vicdan və sosial məsuliyyət naminə yaradılıb.
Bu uğurlu layihənin memarı və aparıcısı Əməkdar mədəniyyət işçisi, bu gün 45 illik yubileyini qeyd edən Zaur Baxşəliyevdir. O, televiziya aparıcısından daha çox, cəmiyyətin güzgüsü və insan ağrısını anlayan bir vicdanlı şəxs kimi tanınır. Uzun illərdir Azərbaycan televiziya məkanında özünəməxsus üslubu, emosional dərinliyi və səmimiyyəti ilə seçilən aparıcı tamaşaçı ilə ürəkdən danışmağı bacaran nadir simalardandır.

Onun üçün aparıcılıq sadəcə peşə deyil, missiyadır. Efirə çıxan hər mövzuya şəxsi məsuliyyət hissi ilə yanaşır, qonaqları dinləyərkən jurnalistdən daha çox bir dost, bir qardaş mövqeyində dayanır. Məhz bu xüsusiyyət onu tamaşaçıya sevdirən əsas amillərdəndir.
Zaur Baxşəliyev eyni zamanda layihənin rəhbəri və yaradıcı istiqamətvericisidir. Mövzuların seçimi, süjetlərin quruluşu, emosional balansın qorunması onun peşəkar nəzarəti ilə formalaşır. Onun rəhbərliyi ilə “BizimləSən” sosial məsuliyyət, etik dəyərlər və insani yanaşma baxımından televiziya məkanında xüsusi yer tutan layihəyə çevrilib. Dövlət tərəfindən Zaur bəyin “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsi də onun media sahəsində xidmətlərinin rəsmi təsdiqidir.
Zaur Baxşəliyev illər ərzində müxtəlif layihələrə imza atsa da, məhz “BizimləSən” layihəsi onun yaradıcılıq zirvəsi hesab olunur. Bu proqram vasitəsilə o, yalnız efir uğuru deyil, cəmiyyətin dərin hörmət və sevgisini qazanıb. Onun üçün ən böyük mükafat məhz tamaşaçı etimadı və xalq sevgisidir.
45 illik yubileyi münasibətilə Əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyevi səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, tükənməz enerji və yeni yaradıcılıq uğurları arzulayırıq. Arzu edirik ki, onun rəhbərliyi ilə “BizimləSən” bundan sonra da neçə-neçə ailəyə ümid çırağı olsun, insanlara sevgi və mərhəmət aşılamaqda davam etsin. Canı sağ olsun ki, verilişini də hələ uzun müddət yaşada bilsin.
Müəllif: Fuad Biləsuvarlı
AYB və AJB üzvü, Prezident və Həsən bəy Zərdabi mükafatçısı
Mənbə: Azərbaycan.media
