Azərbaycan.media xəbər verir ki, İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı Memorialın önünə əklil qoyub. Prezidentin köməkçisi Anar Ələkbərov Prezidentə və birinci xanıma Memorial barədə məlumat verib.
Qeyd olunub ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış konsepsiya əsasında reallaşdırılıb.
Memorialın memarlıq həlli xüsusi rəmzi məna daşıyır. Abidəni dörd tərəfdən əhatə edən monolit konstruksiya Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib. Həyətində isə “Xocalıya ədalət!” kampaniyasının rəmzi olan badam ağacları əkilib.
Memorial dörd bölmədən ibarətdir. Ekspozisiya zallarında Xocalı soyqırımının tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin kökləri, işğal siyasətinin nəticələri sənədlər və faktlar əsasında təqdim olunur. “Faciənin siması” instalyasiyası (müəlliflər: Rəşad Ələkbərov və Azər Rüstəmov) 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qətlə yetirilmiş dinc sakinlərin taleyini canlandırır.
İkinci zalda Sərxan Hacıyevin “Bir gecənin içində səssiz qalan evlər” instalyasiyası, tamamilə məhv edilmiş səkkiz ailənin faciəsi və yarımçıq qalan talelər süni intellekt vasitəsilə hazırlanmış videoçarxla nümayiş olunur.
Ekspozisiyada həmçinin Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyəti, Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri və Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər əksini tapıb.
Memorialın açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Xocalı soyqırımını Ermənistan dövləti tərəfindən azərbaycanlılara və bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayət adlandırıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ədaləti öz gücü ilə təmin edib, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyü və suverenlik tam bərpa olunub.
Prezident bildirib ki, Xocalı Soyqırımı Memorialının məhz Xocalıda ucaldılması tarixi ədalətin təntənəsidir və bu kompleks xalqımızın silinməz yaddaşının təcəssümüdür.
Mərasimdə Xocalı sakinləri, o cümlədən faciəni uşaq yaşlarında yaşamış şahidlər çıxış edərək dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda soyqırımı törədib. Faciə zamanı 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib.
Bu gün isə xalqımız Xocalı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Memorial həm faciənin unudulmaması, həm də gələcək nəsillərə tarixi həqiqətlərin çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.





































