Azərbaycan.media xəbər verir ki, terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Məhəmməd Hüseynli, Müşfiq Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.
Hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib. Vəkillərin vəsatəti ilə onların həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması tələb olunub, lakin hakimlər heyəti bu vəsatəti təmin etməyib və şəxslər barəsində həbs qərarı dəyişdirilmədən saxlanılıb. Cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb və baxış iclası martın 11-i üçün təyin edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, istintaq zamanı müəyyən edilib ki, Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimov 2024-cü ildə Azərbaycanı tərk edərək Pakistanın Əfqanıstan sərhədində gizləniblər və beynəlxalq terror təşkilatlarının tərkibində döyüş təlimləri və silahlı münaqişələrdə iştirak ediblər.
Əlavə araşdırmalarla müəyyən edilib ki, Tofiq Yusifli və Dadaş Həşimovun terror fəaliyyətləri Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirilib.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə iştirak) və 283-1.3-cü (dini motivlərlə Azərbaycan hüdudlarından kənarda silahlı təlimlərdə iştirak) maddələri ilə məsuliyyətə cəlb ediliblər.
DTX, tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə əməliyyatlar nəticəsində həmin şəxslərin xarici ölkələrdən Azərbaycana gətirilməsini təmin edib.
