🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Alimlər yaddaşı zəiflədən qidalanma səhvlərini açıqlayıblar

Azərbaycan.media xəbər verir ki, Ohio State University alimləri pəhrizdə lif çatışmazlığının qocalıq dövründə, hətta artıq çəki yaranmazdan əvvəl belə yaddaşın zəifləməsinə səbəb ola biləcəyini müəyyən ediblər.

Tədqiqatın nəticələri Brain, Behavior, and Immunity jurnalında dərc olunub.

Araşdırma çərçivəsində gənc və yaşlı siçovullara ya standart pəhriz, ya da üç gün müddətində müxtəlif yağ və şəkər səviyyələrinə malik beş fərqli pəhriz tətbiq edilib. Eksperimental pəhrizlərin ortaq xüsusiyyəti lifin olmaması olub.

Davranış testləri göstərib ki, yaşlı heyvanlarda amiqdala tərəfindən idarə olunan uzunmüddətli emosional yaddaş, pəhrizdəki yağ və şəkər nisbətindən asılı olmayaraq zəifləyib. Məkan və epizodik yaddaşla əlaqəli hipokamp funksiyası isə əsasən yüksək yağlı, az şəkərli qidalanma zamanı azalıb.

Qan və bağırsaq analizləri nəticəsində butirat səviyyəsində kəskin azalma qeydə alınıb. Qısa zəncirli yağ turşusu olan butirat pəhriz lifi mikrobiota tərəfindən parçalandıqda yaranır. Onun iltihab əleyhinə xüsusiyyətlərə malik olduğu və qan-beyin baryerini keçə bildiyi bildirilir. Butirat çatışmazlığının beyində iltihabi prosesləri gücləndirə biləcəyi vurğulanır.

Hüceyrə səviyyəsində aparılan tədqiqatlarda beynin immun sisteminə aid mikroqliya hüceyrələrinin mitoxondriyalarında zədələnmə aşkarlanıb. Gənc heyvanlarda enerji strukturları yükə uyğunlaşdığı halda, yaşlı heyvanlarda bu proses daha az səmərəli baş verib.

Müəlliflər mənfi dəyişikliklərin cəmi bir neçə gün ərzində yarandığını və bunun birbaşa piylənmə ilə bağlı olmadığını qeyd ediblər. Onların fikrincə, əsas risk faktoru məhz lif çatışmazlığı və butirat səviyyəsinin azalmasıdır.