Doğrudan nə qədər güclüymüşük biz,
Vədlər ümmanında qəşəng üzürük.
Necə də möhkəmdir gör iradəmiz,
Şuşa əldən gedib, hələ dözürük.
Sanırdıq elə bir qan eylərik ki,
Günəş qarşısında durmaz qaranlıq.
Demə elə nadir tacirlərik ki,
Dəyər-dəyməzinə torpaq satırıq.
Yandı Xocalıda torpaq da, daş da,
Namus üfüqünə düşdü qara iz.
Gəzir günahkarlar yuxarı başda,
Hələ də günahkar axtarırıq biz.
Batdı qızıl qana qarlı Ağdərə!
Ordakı hər qarış göz bəbəyimdir.
Necə haray çəkir burda dağ-dərə,
O qanlı harayı eşidən kimdir?
Ürəkdə vətənin qeyrəti varsa,
Gərək ölüm üstə biz ölüm saçaq.
Xalqın torpağını kim qaytararsa,
Xalqın inamını o qaytaracaq.
29 fevral 1993-cü il
Mənbə: Azərbaycan.media
