Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı Elnarə Akimova Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin müəllim və tələbələri ilə görüş keçirib.
Millət vəkili görüşlə bağlı təəssüratlarını bölüşərək bildirib ki, Bakı Dövlət Universitetinin Filologiya fakültəsində keçirilən bu görüş onun yaddaşında unudulmaz anlarla qalıb. Onun sözlərinə görə, görüş həm də nostalji hisslərlə müşayiət olunub.
“Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin müəllim və tələbələri ilə görüş unudulmaz anları ilə yaddaşıma yazıldı. Bir qədər də nostalji oldu mənə. Müəllim və tələbələrin sualları altında özümü yenidən elmlər doktorluğumun müdafiəsi üçün çıxdığım tribunada hiss edirdim sanki”, – deyə millət vəkili vurğulayıb.
Elnarə Akimova qeyd edib ki, iki saatdan artıq davam edən ədəbiyyat söhbətləri qarşılıqlı fikir mübadiləsi, elmi və estetik baxışların toqquşması baxımından olduqca məhsuldar keçib. Onun fikrincə, bu cür görüşlər gənclərin dünyagörüşünün formalaşmasında, ədəbiyyata və milli-mənəvi dəyərlərə münasibətin dərinləşməsində mühüm rol oynayır.
Deputat bildirib ki, tələbələrin ünvanladıqları suallar onların mövzuya ciddi maraq göstərdiyini və ədəbiyyatın aktual problemləri ilə yaxından maraqlandıqlarını nümayiş etdirib. O, gənclərin düşüncəsinə və estetik baxışlarına bu görüşün müsbət təsir edəcəyinə əminliyini ifadə edib.
Millət vəkili görüşün təşkilində əməyi olan fakültə rəhbərliyinə və müəllim heyətinə də təşəkkürünü çatdırıb. O, Filologiya fakültəsinin dekanı Elçin Məmmədova, əziz müəllimləri Məti Osmanoğlu və Vaqif Sultanlıya, eləcə də digər müəllimlərə və dinləyici qismində iştirak edən qonaqlara minnətdarlığını bildirib.
Qeyd edək ki, bu cür görüşlər ali təhsil müəssisələrində elm və ədəbiyyat mühitinin canlanmasına, tələbələrlə tanınmış elm və ictimai xadimlər arasında birbaşa ünsiyyətin qurulmasına və qarşılıqlı fikir mübadiləsinin genişlənməsinə mühüm töhfə verir.

Mənbə: Azərbaycan.media
