Azərbaycan.media xəbər verir ki, Rövşən Rzayev Şirvanda vətəndaşlarla görüş keçirib.
Qəbulda əsasən Şirvan və Hacıqabul rayon sakinləri iştirak ediblər. Vətəndaşların müraciətləri arasında Böyük Qayıdış, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər şəxsi xarakterli məsələlər üstünlük təşkil edib.
Qəbul zamanı vətəndaşlara Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasının prioritet istiqamət olduğu bir daha xatırladılıb.
Məlumatda qeyd olunub ki, dövlətin əsas məqsədi işğaldan azad edilmiş ərazilərə qayıdışı sürətləndirmək və orada təhlükəsiz, layiqli həyat şəraiti yaratmaqdır. Qayıdış prosesi mərhələli şəkildə aparılır və ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlar köçürülür.
Qəbul zamanı bir sıra müraciətlər yerində həll olunub, digər məsələlər isə aidiyyəti dövlət qurumlarına çatdırılaraq qısa müddətdə araşdırılacağı bildirilib.
