🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Televiziya Efiri “Təsadüfi Adamların Əlinə Keçib” – Saleh Bağırovdan Tənqid

Azərbaycan.media xəbər verir ki, İctimai TV-nin aparıcısı Tərəqqi medallı Saleh Bağırov televiziya məkanında müşahidə olunan problemləri sərt tənqid edib. Onun sözlərinə görə, televiziya böyük bir təbliğat vasitəsidir, lakin bu gün efir sükanı təəssüf ki, naşıların və təsadüfi şəxslərin əlinə keçib.
“Bu gün televiziya maşınının sükanı efirin müqəddəsliyini, təsir gücünü anlamayanların, dəyərlərimizi sadəcə pul qazanmaq məqsədilə ayaq altına atanların, aparıcılıq sənətinə zərbə vuranların əlindədir. Ədəbsiz, nalayiq, tərbiyəsiz şəxslərin müğənni statusunda efirlərdə meydan sulaması və onlara qarşı heç bir qadağanın olmaması, TV qapılarının bu tip şəxslərə açıq qalması nəticəsində yaranan vəziyyət budur. Ona görə də bu günkü mövcud durum belədir”, – deyə Saleh Bağırov bildirib.
O, eyni zamanda televiziya rəhbərlərinə və aidiyyəti qurumlara müraciət edərək sual edib: “Hamı gördüyünü görür, bildiyini bilir. Həqiqətən görmürsünüz, yoxsa görməzdən gəlirsiniz? Bu laqeydlik bizi uçuruma aparır. Məqsəd nədir bu qədər əxlaqsızlığı və mənəviyyatsızlığı təbliğ etməkdə? Niyə bütün imkanlar əlinizdə olmasına baxmayaraq tərbiyəsizliyin qarşısı alınmır, niyə qadağalar tətbiq olunmur?”
Saleh Bağırov əlavə edib ki, ən acınacaqlı vəziyyət isə az sayda normal televiziyaların və peşəkar TV işçilərinin zəhməti ilə hazırlanan keyfiyyətli verilişlərin, ümumi axının içində “hamısı eyni şeydir” tərzində qiymətləndirilməsidir.
Müzakirə bu gün saat 21:00-da İctimai TV-də yayımlanacaq “Sabaha Saxlamayaq” proqramında davam edəcək.
Qeyd edək ki, Saleh Bağırov P.S. olaraq sosial şəbəkələrlə müqayisədə televiziya müzakirələrinin hələ də geniş vüsət aldığını vurğulayaraq bildirib: “Heç kim TV erasının bitdiyini və TV-nin sosial şəbəkələrə uduzduğunu deməsin. Belə olsaydı, bu gün televiziya müzakirələri bu qədər geniş yayılmazdı. Deməli, cəmiyyət hələ də normal TV arzusundadır.”

 

Mənbə: Azərbaycan.media