🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Minimum əməkhaqqı ilə bağlı yeni qanunu təsdiqləyib

Azərbaycan.media xəbər verir ki, İlham Əliyev “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib. Yeni qanunla minimum əməkhaqqının məbləğinə baxılmasının dövriliyini təmin edən mühüm dəyişiklik edilib.

Dövlət başçısı həmçinin “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli qanunun tətbiqi və “Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun tətbiq edilməsi barədə” Prezidentin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.

Məlumata görə, son illər dövlət başçısının tapşırıqları əsasında həyata keçirilən ardıcıl sosial islahatlar nəticəsində sosial ödənişlərdə ciddi artımlara nail olunub. Bu islahatlar minimum əməkhaqqının 3,1 dəfə artırılmasına imkan verib.

Yeni qanunvericilik aktına əsasən, Əmək Məcəlləsinə minimum əməkhaqqının məbləğinə Nazirlər Kabinetinin təklifləri əsasında Azərbaycan Prezidenti tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını nəzərdə tutan müddəa əlavə olunub.

Bildirilib ki, bu dəyişiklik əmək sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində növbəti addım olmaqla, ölkədə işçilərin minimum yaşayış səviyyəsini təmin edən minimum əməkhaqqının məbləğində artım dinamikasının davamlılığını təmin edəcək.

Qeyd edək ki, minimum əməkhaqqı “Yaşayış minimumu haqqında” qanuna uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını yerinə yetirən işçinin əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum məbləğdən aşağı ola bilməz.

Məcəllədə eyni zamanda bir sıra texniki xarakterli dəyişikliklər də edilib.