Xalq artisti Mehriban Zəki: “Fəxrəddin müəllimi indi də Zaur deyə çağırırlar…”
-Mehriban xanım, söhbətimizə elə burdan başlamaq istəyirəm. İnsanlar nağıllara niyə bu qədər inanırlar?
-İnsanlar nağıllara inanmaq istəyirlər, çünki onların arzularında, xəyallarında, fantaziyalarında qurduqları işıqlı bir ümid, istək var. Hamı həyatını pəmbə, parlaq görmək istəyir. Və ona görə ədəbiyyatçı da bu nağılları tamaşaçıya, oxucuya verməlidir. Baxın, kino və teatr ilk növbədə nədən başlayır? Ədəbiyyatdan. Və o zaman yaxşı əsər yaranır ki, ədəbiyyatda ssenari üçün ədəbi materiallar olur. Ümumiyyətlə, ədəbiyyat millətin, xalqın ədəbi düşüncəsini, kökünü təyin edir.
“Beşmərtəbəli evin altıncı mərtəbəsi” ifadəsi özü bir nağılıdır. Həmin o arzuların, o xoşbəxt, işıqlı sevginin təzahürüdür. Fəxrəddin müəllimi də indi də Zaur deyə çağırırlar. Baxmayaraq ki, Fəxrəddin müəllim Zaur yaşından artıq çoxdan çıxıb, Zaur intellektindən də çıxıb. Amma insanların yaddaşında daha çox Zaur kimi qalıb.
-Elə yuxarıdakı sualı sizə verməyim də təsadüfi deyil. Rejissor Mərahim Fərzəlibəyov mənə bir əhvalat danışdı. O vaxt yetmişinci illərdə “Təhminə və Zaur” tamaşasının anşlaq vaxtlarında bir qadın tamaşaçı səhnə arxasına keçərək Fuad Poladovun yanına gəlir, qutuda bir üzük də gətiribmiş, deyir ki, Zaur, xahiş edirəm, Təhminəylə barışın… Çox maraqlıdır, sizcə insanların bu cür yanaşması nədən doğur?
-Çünki tamaşaçı onu o cür qəbul edib və obrazı o aktyorun şəxsindən ayırmır ki, bu aktyordur, Zaur deyil. Bax, söylədiyiniz kimi, tamaşaçı bir növ hekayəni artıq məişət şəxsi kimi qəbul edir. Artıq onu personaj kimi görür və eyniləşdirir. Görürsünüz, deyirlər ki, niyə belə elədin, ay Zaur. Ədəbiyyatın gücü bundadır. Və bu Anar müəllimin böyüklüyüdür!
-Sizin Anara və onun yaradıcılığına bir sevginiz, məhəbbətiniz hiss olunur. Anar müəllimlə ilk tanışlığınız hardan başladı?
İlk tanışlığım uşaqlıqdan başlayıb. Bizim nəsil onun əsərlərini oxuya-oxuya, tamaşalarına baxa-baxa Anar müəllimi sevmişik. Yadımdadır ki, lap yeniyetmə vaxtı həmin böyük anşlaqla qarşılanan “Təhminə və Zaur” tamaşasına baxmışdım. O anlarda düşünürdüm ki, görəsən, bu böyük yazıçıyla şəxsən tanış ola biləcəmmi?
Anar müəllimlə ilk tanışlığım “Dədə Qorqud” filmindən başlamışdı. Çoxları bilmir ki, bu film necə ərsəyə gəlib. Və bu zəmində Anar müəllimin gördüyü xidmət danılmazdır. Bunu danışmaq lazımdır ki, bu qalsın. Dədə Qorqudu oxuyan çox az idi. Bu daşlaşmış bir abidə kimi qalmışdı orda. Anar müəllimin böyüklüyü və xidməti ondadır ki, Dədə Qorqudu bizə tanıtdı. Anar müəllim hər boyları hekayə kimi bir ssenari halına salaraq bir araya gətirdi. Düzdür, orda istifadə olunmayan çox boylar var, amma biz, şəxsən mən o vaxt, orta məktəbdə oxuyurdum, o filmdən sonra Dədə Qorqudun boylarına marağım artmış və oxumağa başlamışdım. Öz-özlüyümdə uşaq təfəkkürümlə “aa…burda belə dedi, orda isə elə yazılmışdı…” Və bu öz düşüncəmdə paralel araşdırma aparmağım, nə fərqlidir, eposun özündə necədir, nədir düşüncəsiylə sonra mən artıq “Yuğ” teatrına gələndə ilk tamaşalarımdan biri elə Vaqif İbrahimoğlunun quruluşunda Dədə Qorqud boylarından idi. O zaman Vaqif müəllim Bamsı Beyrək boyu əsasında onu qurmuşdu, sonra mən təkbaşına Dəli Domrul boyunu ifa etdim və bunun üzərində böyüdüm.-Və sizdən sonrakı gənc nəsil də…
-Bəli. Mən deyərdim, bir çox nəsillər. Biz o filmə baxaraq çox şey öyrəndik. Anar müəllim həm də tarixi gözəl bilir. “Dədə Qorqud” filminə yazdığı ssenaridə Anar müəllimin azərlər barəsində çox maraqlı fikri vardı, azərlər, az ərlər, ərlər. Çox ərlər getdi, az ərlər qaldı. Azərlər çoxalsın. Ər sözünün kökünə baxanda igid mənasını verir. Hətta o vaxt Süleyman Dəmirəl də demişdi ki, görürsünüz, Azərlər Dədə Qorqud boylarında var. Sovet hakimiyyətinin dağılmasıyla bərabər türk dövlətləri artıq özlərini dərk edir və bir-birlərini tanımağa başladılar. O zaman türk mədəniyyətinə, türk eposuna çox böyük bir maraq vardı.
-Sizin Anar müəllimlə yol yoldaşlığınız da olub. Dədə Qorqudla bağlı Qırğızıstanda-Talasda olan görüşlərinizi nəzərdə tuturam. Və Heydər Əliyev də bu görüşdə iştirak edirdi. “Dədə Qorqud” filminin əsası elə orda qoyulub. İstərdim bu barədə danışasınız.
-Çox gözəl məqama toxundunuz. Bəli. Biz 1995-ci ildə Qırğızıstana Manasın yubileyinə getdik. Ulu öndər Heydər Əliyev də yubileyə qatılmışdı. Mən o vaxta qədər Manas haqqında bilmirdim. Manas qırğızların, qazaxların çox böyük eposudur və bu günə qədər yaşayır. Mənə çox böyük xoşbəxtlik nəsib oldu ki, Anar müəllimlə yol yoldaşlığımız oldu. İnanın, o anlar mənim üçün çox unudulmaz anlardır…indiyəcən xatirəmdədir.
Anar müəllim bizim hamımız üçün toxunulmaz, əlçatmaz bir persona idi. Amma yolda o qədər söhbətcil, diqqətcil, həssas idi ki, onunla özümüzü çox rahat hiss edirdik.
Mən o vaxt çox gənc idim. Amma o 4-5 günlük səfər sanki 40-50 illik bir səfər qədər yadımda qaldı. O zaman biz Bişkekdən Talasa gedəndə orda Talasda o möhtəşəm tədbiri görəndə heyran qaldım.
Ulu öndər Heydər Əliyevi şəxsən orda gördüm. Heydər Əliyevin çadırında mən “Dədə Qorqud”dan bağlama çalırdım, Yunus İmrədən, Füzulidən söyləyirdim, təsəvvür edirsiz? O məclisdə kimlər yoxuydu? Yusif Səmədoğlu, Həsən Həsənov da vardı. Elə bir ortam yaranmışdı ki, sanki söz məclisiydi. Anar müəllim ədəbiyyatdan, yaradıcılıqdan, sənətdən bir söz deyir, Yusif müəllim başqa bir söz deyirdi. Və mən orda Heydər Əliyevin özünün sözə, ədəbiyyata, incəsənətə böyük marağını və dəyər verməsini gördüm. Bu danılmazdır. Bax elə həmin yurtda- çadırda belə qərara alındı ki, Dədə Qorqudun yubileyi keçirilsin.
-Təklif kimdən gəldi?
-Bu təklif Anar müəllimdən gəldi. Hər şey mənim gözümün qabağında olub. O vaxt Dədə Qorqudun yaşı haqqında müzakirə gedəndə, Anar müəllim dedi ki, yaşı 1300 ildir. Bunu onunla əsaslandırdı ki, müqəddimədə deyilir, Muhəmməd peyğəmbərin dövründə Dədə Qorqud ata bir ər qopdu. Anar müəllim həmin vaxtı hesablayıb belə bir rəqəm söylədi. Və sonradan 1999-cu ildə respublika, indiki H.Əliyev sarayında çox gözəl bir tədbir keçdi. Əslində bu bir sammit idi. Türk dövlətlərinin sammiti.
-Sözünüzün qüvvəti, Anar müəllim ssenariyə elə bir epizod salmışdı ki, tam yenilik idi. Məhtimqulu, Abay, Nəsimi, Manas…
-Doxsan doqquzuncu ildə olanı deyirsiz də…
-Bəli.
-Elədir. Bu da Anar müəllimin bir tapıntısı idi. Həm də möhtəşəm tapıntı!
-Ümumiyyətlə Anar müəllim çox geniş təxəyyülü olan yazıçıdır. Orda Dədə Qorqudu təbrik eləməyə bütün türk dünyasının qəhrəmanları Füzuli, Məhtimqulu, Yunus İmrə, Nəsimi, Abay gəlməsi böyük bir meyar idi. Və çox böyük maraqla qarşılandı.
Allah Anar müəllimə ömür versin. Biz Anar müəllimdən daha çox işlər gözləyirik. Çünki Anar müəllimin yazdığı və çəkdiyi filmlər Azərbaycan mədəniyyətinin, Azərbaycan kino düşüncəsinin artıq xəzinəsinə çevrilib. Bu əlbəttə, böyük maarifçilikdir. Eyni zamanda xəzinədir. Mədəniyyətimizn xəzinəsi.
-Mehriban xanım, Anar müəllimin “Dantenin yubileyi” filmi uğursuz bir aktyorun taleyindən bəhs edir. Siz də bu sənətin içindəsiniz, sizin üçün o filmdə dəyərli olan nədir?
-Suala görə təşəkkür edirəm. Bəli, bu filmdə uğursuz, müasir dillə desək, lozunq bir aktyorun taleyindən danışılır. Bu, həm də bir insan taleyidir. Bu gün o taleyi yaşayan o qədər aktyorlarımız, sənətkarlarımzı var ki…istedadlıdır , amma qalıb kənarda.
Bəli, burda talesiz bir aktyoru aldadırlar, köhnə bir bilet verirlər, gedir…
Anar müəllim bu əsəri ekrana gətirdi və şübhəsiz ki, uğurla alındı. Filmi Gülbəniz Əzimzadə ilə bərabər işləyiblər. Burda şəxsən mənim üçün dəyərli olan nədir? Həmin filmdə Azərbaycan mədəniyyətinin, Azərbaycan sənətinin ən gözəl simaları çəkilib. Bu hekayənin içində Azərbaycan mədəniyyətinin Oqtay Mirqasımov, Bəxtiyar Xanızadə, Vaqif İbrahimoğlu, Elçin Məmmədov, Fəxrəddin Manafov kimi sənətkarları vardı. Filmdə bir dialoq var: Vaqif İbrahimoğluyla Bəxtiyar Xanızadənin real olan bir dialoqudur əslində. Onlar deyirlər ki, biz öz teatrımızı açacağıq və bu teatr xalqa xidmət edəcək. Baxırsan, deyirsən ki, axı bu reallıqdır. Və zaman keçəndən sonra bu gerçəkliyə çevrilir. Sonradan Vaqif İbrahimoğlunun da, Bəxtiyar Xanızadənin də öz teatrları olub. Baxın, bu dəyərdir.
–Sözünüzün qüvvəti, Anar müəllimin əksər əsərlərində 15-20 il sonranı görə bilmək qabiliyyəti var. Bu, “Ağ qoş, qara qoç” əsərində də var.
-Bəli. Ona görə deyirəm ki, bu cür filmlər artıq xəzinəyə çevrilib. Ancaq Anar kimi zəkası, dühası yüksək olan yazarlar bunu görüb öncə peyğəmbər kimi yaza bilərlər.
-Mehriban xanım, Anar müəllim bu günümüzdə baş verənləri yazır. Və bəzilərinin mənfi kimi qələmə verdiyi bir çox obrazları var ki, yadda qalır. Məsələn, Təhminə. Niyə qəbul etmək istəmirdilər?
-Bilirsiniz, yaşadığımız həyata baxanda müxtəlif tipli insanlar görürük. İçki içənlər də var. Yazıçı onu qələmə alanda, səhnəyə gətirəndə çox vaxt bir əks fikir yaranır ki, bu Azərbaycan davranışının, milli dəyərlərinin pozulması deməkdir. Hardan ölçülür , o zaman bu milli dəyərlər? Real həyatda mənfi-müsbət yoxdur. Kiməsə mənfi görünən başqasına müsbət görünə bilər. Bəli, Təhminəni qəbul etmirdilər. Bir çox qadın özünü hardasa o obrazla eyniləşdirirdi. Niyə? Çünki hamısının içində bir sevgi var. Ona görə yox ki, Təhminəyə oxşamaq istəyirlər. Amma o azad sevgi yoxdur onlarda. Anar müəllim Təhminə obrazında həmin azad sevgini ifadə eləyib.
Bilirsiniz, Anar müəllim düşüncəsində hər zaman gəncdi. Yadıma gəlir, o vaxt demişdi ki, mənim 75 yaşım var, amma içimdə özümü 22 yaşında hiss edirəm. Anar müəllimin indi 87 yaşı var, amma əminəm ki, o özünü 25 yaşında hiss edir. Çünki zehni açıqdır. Ruhu gəncdir.
Ona söz atanlar herastratdılar, yəni artıq ad qazanmış, özünü təsdiq etmiş, sözünü demiş insanları sancmaq onlara xoş gəlir. Özünü təsdiq etmək istəyirsən? Sən də yaz. Var olanı dağıtmaqla yox! Bunlar təkcə Anar müəllimə deylimir ki…o qədər sənətimiz, ədəbiyyatımız, kinomuz, teatrımız üçün dəyərli olan insanlara daş, iftira, çamur atırlar ki…Şəxsən mənim üçün onların bir qəpiklik dəyəri yoxdur.
-Tarix boyu bu belə olub, Mehriban xanım, bu gün də belədir. Güclü ədəbiyyat, güclü sənət olan yerdə paxıllar həmişə olub və olacaq. Nitshenin bir fikri düşür yada, deyir ki, “Paxıllıq zəiflərin intiqamıdır.”
-Bəli. Əgər paxıllar varsa, demək, Anar müəllim çox yuxarıdadır. Əlbəttə zəifdirlər. Mən onların neqativ fikirlərini görmürəm və eşitmirəm. Əgər eşidirəmsə, danışıramsa, demək qəbul edirəm. Biz Anar müəllimin gördüyü işləri, varlığının çəkisini dəyərləndiririk. O balaca deyil. Ölçüyəgəlməzdir. Yəni Anar müəllim bu sadaladıqlarım adların hamısından böyümüş bir şəxsiyyətdir. O artıq bir elə bir personaya çevrilib ki, bu millətin təkrar edirəm, mənəvi nüvəsdir. Mənim üçün toxunulmazdır.
Əgər Anar müəllimin indi bu dəqiqə dediyi hər sözü abidə kimi qəbul eləsələr, o artıq daşlaşmış bir heykələ çevrilər. Bir dəfə Anar müəllim söhbətarası mənə dedi ki, Mehriban, sən mənim canım, mənə heykəl demə. (Gülür). Əgər ona söz atırlarsa, deməli, o hələ gəncdir. Təfəkküründə gəncdir. Anar müəllim hərtərəfli yazıçıdır. Onun yaradıcılığında mistika da var, tarix də, sevgi də satira da.
Mən tam qətiyyətlə deyə bilərəm ki, Anar müəllim bu gün Azərbaycan mədəniyyətinin, ədəbiyyatının nüvəsidir. Məhz nüvəsidir. Tam mərkəzindədir. Çünki bütün yaradıcılığıyla, maarifçiliyi ilə təkcə öz yazdııqlarıyla deyil, Azərbaycan ədəbiyyatında xidmət eləmiş digər ədiblərin də sənətinə dəyər verib onları ucaldıb. Elə adlarını sadaladığımız filmləriylə nə qədər böyükdür! Anar müəllimin gördüyü işlər qalacaqdır. Anar müəllimin yazdıqları, çəkdikləri qalacaq. Siz daş atanlar, sizin nəyiniz qalacaq?
-Mehiban xanım, fikirləriniz çox önəmlidir. Əlbəttə, oxuyub anlayanlar üçün. Amma siz də çox az çəkildiniz Anar müəllimin filmlərində. Yalnız “Otel otağı”nda çəkilmisiniz.
-Bəli. Çox təəssüf ki, mən Anar müəllimin yalnız bir filmində, “Otel otağı”nda çəkilmişəm, Lətifə obrazında. Onda da gənc idim. Mənim demək olar ki, ilk filmlərimdən idi. Əslində İistəyərdim ki, Anar müəllimin çox filmlərində çəkilim. Çünki Anar müəllimin əsərləri çox güclüdür. Ssenariləri güclüdür.
-Bəs sonra nədən çəkilmədiniz?
-Bunu ilk növbədə rejissor görməlidir. Rejissor qurucudur. Yönəldəndir. Bilirsiz, indiki zamanda dövr də başqadır, yəni bu tək bir rejissorun işi deyil. Bunun üçün müəyyən resurslar gərəkdir. Əlbəttə, olsa, niyə çəkilmirəm ki?
Anar müəllim bu gün Azərbaycan ədəbiyyatının parlaq simaları olan Üzeyir Hacıbəyli, M.F.Axundov, Cəlil Məmmədquluzadə, Cavidi haqqında yazıb və filmlər çəkilib. Son vaxtlar Cəfər Cabbarlının həyatı haqqında yazıb. Bax, bunları da çəkmək lazımdır.
-Nəinki Cabbarlı, bildiyimə görə Həsən bəy Zərdabi haqqında da ssenari yazıb və hazırda Mədəniyyət nazirliyindədir. Amma təəssüf ki, bu cür dahilər haqqında ssenarilər çəkilmir…
-Tamamilə razıyam sizinlə. Mütləq çəkilməlidir. Anar müəllimin ssenariləri çox güclü alınır. Mən ədəbiyyatçı deyiləm ki, Anar müəllimin əsərlərini analiz edlim. Sadəcə bir Azərbaycan vətəndaşı, bir sənət adamı olaraq deməliyəm ki, Anar müəllim Azərbaycan ədəbiyyatının, mədəniyyətinin nümunəsində tam mahiyyətini, düşüncəsini, təfəkkürünü, milli dəyərlərini təyin eləyən və məsuliyyətini daşıyan bir yazıçıdır. Və o bunun məsuliyyətini tamlığıyla dərk eləyir. Həm bir yazıçı, həm bir şəxsiyyət, həm bir rejissor,həm də ssenarist kimi.
-Son vaxtlar Anar müəllimin hansı əsərini oxuyursunuz?
-Son zamanlar Anar müəllimin mənim stolüstü kitabıma çevrilən “Yaşamaq haqqı” kitabıdır. Anar müəllim bu kitabda tarix boyu yaşamış Azərbaycan fərdlərinin, personalarının, eyni zamanda millətin taleyini yazıb.
Və elə təkcə bu kitabın əsasında nə boyda filmlər çəkmək olar.
Anar müəllimə yalnız cansağlığı arzulayıram. Anar müəllimin müdriklyinə, təfəkkürünə düşüncəsinə bizim ehtiyacımız var. Ağsaqqallarımızı, söz adamlarımızı dəyərləndirməliyik ki, bu millətin mahiyyətini dəyərləndirə bilək.
Anar müəllimin bütün yazdıqları – həyatı, ömrü, onun yaratdıqlarındadır. Və onun özünün kəlməsi ilə min illərin iyirmi birinci əsrin ən nikbin şeiri var, “Yaşamaq haqqı” kitabında da var. Deyir ki:
Min illərin sərhədini mən aşacam,
Yaşamışam, yaşayıram, yaşayacam.
Anar müəllim özü üçün ən gözəl sözü özü deyib. Anar müəllim elə həqiqətən də öz əməlləriylə, yazdıqlarıyla təfəkkürlərdə, Azərbaycan ədəbiyyatında, mədəniyyətində daim var olacaq, yaşayacaq!

Söhbətləşdi: Südabə Sərvi
Mənbə: Azərbaycan.media
