Yazıçı Günel Natiq bəzi media orqanlarının ictimai əhəmiyyətli prosesləri təqdim edərkən məsuliyyətsiz yanaşma sərgilədiyini bildirib.
Azərbaycan.media xəbər verir ki, yazıçı qeyd edib ki, bir sıra media qurumları ümumi işə dəstək olmaq adı ilə müəyyən prosedur və qərarları elə ifadələrlə təqdim edirlər ki, nəticədə informasiya dolaşıq, qeyri-dəqiq və çaşdırıcı xarakter alır. Onun sözlərinə görə, bu cür təqdimat oxucuda proseslə bağlı yanlış və mənfi təsəvvür formalaşdırır, ictimai etimadı zəiflədir.
Günel Natiq vurğulayıb ki, məsələ ilə bağlı izah verildikdə bəzi media nümayəndələri ya mövzunu anlamaqda maraqlı görünmür, ya da sensasion başlıq və daha çox oxunma əldə etmək naminə mətnlərdə düzəliş etməyə tələsmirlər. Bu isə informasiya təhlükəsizliyi və peşə etikası baxımından ciddi problem yaradır.
Yazıçının fikrincə, mətbuat ilk növbədə cəmiyyətin maraqlarına xidmət etməlidir. Media öz şəxsi və ya kommersiya maraqlarını ön plana çıxardıqda, ictimai məsuliyyət arxa plana keçir və nəticədə insanlar yanlış yönləndirilir. O bildirib ki, yazının bir qədər artıq oxunması naminə insanların gələcəyini təhlükəyə atmaq, onlarda qorxu və çaşqınlıq yaratmaq, eləcə də həqiqəti təhrif edərək yanlış informasiya təqdim etmək qəbuledilməzdir.
Günel Natiq hesab edir ki, medianın əsas vəzifəsi informasiyanı dəqiq, aydın və məsuliyyətli şəkildə çatdırmaqdır. Əks halda, media maarifləndirici və istiqamətverici missiyasını itirir, ictimai etimadı zədələyir və cəmiyyətdə inamsızlıq mühiti formalaşdırır.
Mənbə: Azərbaycan.media
