🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Deputat Elnarə Akimova: Süni intellekt yalnız dəstək vasitəsidir, insan qərarverməsini əvəz edə bilməz

 

Azərbaycan.media xəbər verir ki, millət vəkili Elnarə Akimova davamlı siyasi-ictimai fəaliyyət göstərən deputatlar üçün süni intellektin praktik əhəmiyyətini şərh edib. Deputat bildirib ki, informasiya axınının həcmi, analitik materialların çoxluğu və operativ reaksiya zərurəti süni intellektdən köməkçi vasitə kimi istifadəni labüd edir.
“Analitik məlumatların ilkin sistemləşdirilməsi, beynəlxalq təcrübənin müqayisəli təhlili, hüquqi və sosial mövzular üzrə məlumat bazalarının operativ araşdırılması bu texnologiyalarla daha səmərəli həyata keçirilir. Xüsusilə normativ-hüquqi təşəbbüslərin hazırlanması zamanı müxtəlif ölkələrin təcrübəsinin qısa müddətdə ümumiləşdirilməsi və strukturlaşdırılması baxımından süni intellekt faydalıdır”, – deyə Elnarə Akimova vurğulayıb.
O, əlavə edib ki, süni intellekt insan qərarverməsini əvəz etmir, yalnız dəstəkləyici rol oynayır. “Məlumat emalını sürətləndirir, lakin dəyərləndirmə, siyasi məsuliyyət və ictimai həssaslıq yalnız insan faktoruna məxsusdur. Buna görə də etik çərçivələr, məlumat təhlükəsizliyi və mənbələrin etibarlılığının yoxlanması əsas şərtdir. Bu yanaşma Prezidentin dövlət idarəçiliyində texnologiyanın tətbiqi ilə bağlı vurğuladığı məsuliyyətli modernləşmə prinsipinə uyğun gəlir”, – deputat qeyd edib.
Gələcəkdə süni intellektin köməkçi vasitə kimi istifadəsi genişlənə bilsə də, insanın siyasi və ictimai məsuliyyətini əvəz edən mexanizmə çevrilməsi məqsədəuyğun deyil. Dövlət idarəçiliyində texnologiya səmərəliliyi artırmaq, şəffaflığı gücləndirmək və qərarları elmi-analitik əsaslarla hazırlamaq üçün tətbiq olunmalıdır. Elnarə Akimova bunu texnoloji yeniliklə yanaşı, idarəetmə mədəniyyətinin inkişaf mərhələsi kimi qiymətləndirib və düzgün inteqrasiyanın müasir dövlət modelinin ayrılmaz komponentinə çevrildiyini bildirib.

 

Azərbaycan.media