🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Slovakiya Ukraynaya elektrik enerjisinin verilişini dayandıra bilər

Azərbaycan.media xəbər verir ki, rəsmi Kiyev “Drujba” boru kəməri ilə neft tranzitini bərpa etməyəcəyi təqdirdə, Slovakiya fevralın 23-dən Ukraynaya elektrik enerjisi təchizatını dayandıra bilər.

Məlumata görə, bu barədə Slovakiyanın Baş naziri Robert Fico açıqlama verib. O bildirib ki, Slovakiya suveren dövlətdir və ölkəyə neft tədarükü bazar ertəsinə qədər bərpa olunmazsa, SEPS-dən Ukraynaya elektrik enerjisinin verilişini dayandırmağı xahiş edəcək.

Baş nazir qeyd edib ki, 2026-cı ilin yanvarında Ukraynanın enerji sisteminin sabitləşdirilməsi üçün 2025-ci ildə tələb olunandan iki dəfə çox elektrik enerjisinə ehtiyac yaranıb.

O əlavə edib ki, Qərb “Şimal Axını” qaz kəmərinin dağıdılmasına etiraz etmədiyi halda, Slovakiya-Ukrayna münasibətlərinə yalnız Ukraynaya fayda verən birtərəfli əməkdaşlıq kimi baxmaq mümkün deyil.

Robert Fico vurğulayıb ki, Slovakiyaya qaz təchizatının dayandırılması ölkəyə 500 milyon avro zərər vurub. Onun sözlərinə görə, neft tranzitinin dayandırılması isə daha böyük iqtisadi itkilərə və logistik çətinliklərə səbəb ola bilər.

Baş nazir həmçinin bildirib ki, Ukrayna Prezidenti Volodymyr Zelenskyy-nin Slovakiyaya münasibəti qəbuledilməzdir və Bratislava Ukraynaya ayrılmış 90 milyard avroluq hərbi kredit paketinə cəlb olunmamalıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Slovakiya Ukraynaya dizel yanacağı ixracını dayandırdığını açıqlayıb.