🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Açıq qalan 80-ci pərdə – Reportaj

Xalq artisti Əliabbas Qədirovun 80 illiyi Azdrama səhnəsində ehtiramla qeyd olundu

Azərbaycan teatr sənətinin yaddaşında silinməz iz qoyan sənətkarların adı zaman keçdikcə daha da ucalır. Fevralın 20-si də mədəniyyət tariximizə məhz belə bir ehtiram günü kimi həkk olundu. Həmin gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı səhnəsində görkəmli kino və teatr aktyoru, Xalq artisti, “Şöhrət” ordenli Əliabbas Qədirovun 80 illik yubileyi qeyd edildi.
Azərbaycan.media xəbər verir ki, yubiley gecəsində sənətkarın bir zamanlar iştirak etdiyi “Qürbətdən gələn məktublar” tamaşası nümayiş olunmazdan əvvəl onun sənət dostları, tərəf-müqabilləri səhnəyə çıxaraq Əliabbas müəllimin xatirəsini ehtiramla yad etdilər, onun sənət yolundan, insanlıq keyfiyyətlərindən söz açdılar.

Səhnədə ilk çıxış edən Xalq artisti Nurəddin Mehdixanlı oldu. O, çıxışında Əliabbas Qədirovla 1978-ci ildən dostluq etdiyini vurğuladı və sənətkar haqqında səmimi fikirlərini bölüşdü.

Nurəddin Mehdixanlı qeyd etdi ki, istedadlı insanlar nə qədər çox xatırlanarsa, yada salınarsa, mədəniyyətimiz, incəsənətimiz və teatrımız bir o qədər yaşayacaq:
“Bilirsiniz, onsuz da istedadlılar çox deyil. Barmaqla sayılacaq qədərdir. Qəribədir ki, istedadlı adamlar abırları ilə, sənətləri ilə yadda qalırlar. Öz istedadları ilə gəlib bu təbəqəyə çatırlar. Amma istedadsızlar çox həyasız olurlar, özlərinə hər yerdə yer edirlər. Ona görə də istedadlarımızı qoruyaq ki, mədəniyyətimizi qoruyaq. İstedadlıya, dilimizə, sözümüzə, teatrımıza, mədəniyyətimizə sahib çıxaq. Kinomuza sahib çıxaq”.
Xalq artisti çıxışında Əliabbas Qədirovun insani keyfiyyətlərinə də xüsusi toxundu:
“Əliabbas müəllim dürüst adam idi. Sənətinə çox böyük sevgisi var idi. Həddən artıq istedadlı insan idi. Ancaq nə etməli ki, bilmirəm, bu bizim teatrın taleyinə yazılıb. Bizim teatrın istedadlı aktyorları dünyalarını tez dəyişirlər. Təəssüf ki, onların dünyadan köçməsinin səbəbi də elə özümüz oluruq. Nəyə görədir, bilmirəm. Amma tam əminliklə deyə bilərəm ki, Əliabbas Qədirov ömür boyu heç kimə pislik etməyib”.
Sonda Nürəddin Mehdixanlı mərhum sənətkara Allahdan rəhmət, yaxınlarına isə səbr dilədi və vurğuladı ki, Azərbaycan teatrı, mədəniyyəti və incəsənəti yaşadıqca Əliabbas Qədirov da xatirələrdə yaşayacaq:
“Ləyaqətli, vicdanlı, doğru, dürüst insan kimi. Bir sözlə, əsl kişi adam kimi”.
Azdramanın səhnəsində səslənən bu fikirlər bir daha göstərdi ki, böyük sənətkarların ömrü təkcə yaşadıqları illərlə ölçülmür — onların adı, sənəti və insaniyyət nümunəsi zamanın fövqündə yaşayır.

Xalq artisti, professor Bəsti Cəfərova sənət dostu haqqında duyğusal və səmimi fikirlər səsləndirdi.

Bəsti Cəfərova qeyd etdi ki, Əliabbas Qədirovla uzun illər birgə çalışıblar və hətta bir müddət o, kollektivin bədii rəhbəri də olub:
“Biz Əliabbas müəllimlə bir yerdə çalışmışıq. Hətta bir müddət bizim bədii rəhbərimiz də olub. Elə bil dünən idi onunla bir səhnəyə çıxırdıq, elə bil dünən idi qastrol səfərlərinə gedirdik. Elə bil dünən idi səhnə arxasında oturub söhbət edirdik, məsləhətləşirdik… Amma artıq onun fiziki yoxluğundan iyirmi il keçir”.
Aktrisa xatirələrində bir neçə tamaşaya xüsusi toxundu. O bildirdi ki, Nəbi Xəzrinin “İkinci səs” tamaşasında tərəf müqabili olublar, “Mənsiz dünya”da isə Əliabbas Qədirov Mirzə Şəfi Vazeh obrazını canlandırıb. Daha sonra onlar görkəmli dramaturq İlyas Əfəndiyevin əsərlərində birgə səhnəyə çıxıblar.
Bəsti Cəfərova xüsusilə 1995–1996-cı illərdə səhnələşdirilən “Hökmdar və qızı” (hazırda “Qarabağnamə” adı ilə təqdim olunur) tamaşası ilə bağlı maraqlı məqamları xatırlatdı. Onun sözlərinə görə, əvvəlcə İbrahimxəlil xan rolunu başqa aktyor ifa edirmiş. Lakin televiziyada yayımlanan məşq fraqmentindən sonra böyük yazıçı-dramaturq Elçin İlyas Əfəndiyevə bu obrazın ifaçısı ilə bağlı iradını bildirib. O qeyd edib ki, obrazda “Azəri mentaliteti” kifayət qədər hiss olunmur.
Bu fikirdən sonra məşqlər bir müddət dayandırılıb və nəticədə rol Əliabbas Qədirova həvalə olunub. Aktrisanın sözlərinə görə, İlyas Əfəndiyevin xüsusi sevdiyi və əsərlərini yazarkən nəzərdə tutduğu aktyorlar var idi və Əliabbas Qədirov da məhz həmin sənətkarlardan biri idi.
“Onunla məşq edəndə fərqi hiss etdim. Söz yox, əvvəlki aktyor da yaxşı idi. Amma Əliabbas müəllimlə səhnədə tamam başqa aura yaranırdı. O tamaşada mənim atamı oynayırdı. Doğrudan da ata-bala məhrəmliyi, böyüklük hissi çox aydın təzahür edirdi”.
Bəsti Cəfərova sənətkarın televiziya fəaliyyətinə də toxundu. O bildirdi ki, Əliabbas Qədirov bir neçə televiziya tamaşasında böyük populyarlıq qazanmış, “Komediyalar aləminə səyahət” verilişinin aparıcısı olmuşdu. Onun sözlərinə görə, sənətkarın sadəliyi və səmimiyyəti hər kəsi valeh edirdi.
“Onun necə sadə, səmimi insan olduğuna vuruldum. Teatra qayıtdıqdan sonra bir çox tamaşalarda oynayırdıq, amma tərəf müqabili deyildik. Sonra tale elə gətirdi ki, bir səhnəni bölüşdük”.
Sonda Xalq artisti vurğuladı ki, Əliabbas Qədirovun adı Azərbaycan teatrı yaşadıqca yaşayacaq — onun çəkildiyi filmlərdə, televiziya tamaşalarında və səhnədə yaratdığı obrazlarda bu ad daim yaşayacaq.

İlham Rəhimli: “Əliabbas Qədirovun yaradıcılığı çoxşaxəli və bütöv bir məktəb idi”

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, teatrşünas İlham Rəhimli Əliabbas Qədirovun yaradıcılığına fərqli rakursdan yanaşaraq sənətkarın çoxşaxəli fəaliyyətini təhlil etdi.
İlham Rəhimli çıxışında ilk növbədə böyük sənətkarların unudulmamasının vacibliyini vurğuladı:

“Gəlin böyük sənətkarlarımızı unutmayaq”.

Teatrşünas qeyd etdi ki, Xalq artisti Əliabbas Qədirovun yaradıcılığı bir istiqamətlə məhdudlaşmayıb, əksinə, bir neçə sahədə paralel və uğurla inkişaf edib. Onun sözlərinə görə, sənətkarın fəaliyyəti dörd əsas istiqamətdə formalaşıb: teatr səhnəsi, kino, televiziya və qiraət sənəti.
İlham Rəhimli vurğuladı ki, Əliabbas Qədirov ilk növbədə teatr aktyoru kimi püxtələşmiş, səhnədə yaratdığı obrazlarla özünəməxsus məktəb formalaşdırmışdı. Bununla yanaşı, kino sahəsində də uğurlu rolları ilə seçilib və dövlət tərəfindən yüksək mükafatlara layiq görülüb.
Teatrşünas xüsusilə sənətkarın çəkildiyi qısametrajlı “Nəğmə dərsi” filmini xatırladaraq onun bu ekran işindəki ifasını yüksək qiymətləndirdi:
“Onun qısametrajlı filmi də vardı — “Nəğmə dərsi”. Necə gözəl oynayırdı. Əliabbas orada rolunu çox gözəl ifa edib. Onun ən ağrılı obrazlarından biridir”.
İlham Rəhimli qeyd etdi ki, Əliabbas Qədirovun yaradıcılığında daxili dramatizm, psixoloji dərinlik və milli kolorit xüsusi yer tuturdu. Sənətkar obrazı yalnız oynamaqla kifayətlənmir, onu yaşadır, tamaşaçıya hiss etdirirdi.
Bununla yanaşı, teatrşünas Əliabbas Qədirovun qiraət ustası kimi fəaliyyətini də xüsusi vurğuladı:
“Bir də Əliabbas Qədirov gözəl qiraət ustası kimi tarixdə qaldı”.
Onun sözlərinə görə, sənətkarın səsləndirdiyi ədəbi mətnlər, şeirlər və monoloqlar özünəməxsus intonasiya, daxili yanğı və səmimiyyətlə yadda qalırdı. Bu xüsusiyyətlər onu yalnız aktyor kimi deyil, həm də sözün həqiqi mənasında sənət adamı kimi fərqləndirirdi.
Beləliklə, İlham Rəhimlinin çıxışı bir daha təsdiqlədi ki, Əliabbas Qədirovun irsi təkcə bir neçə uğurlu roldan ibarət deyil — bu irs teatr, kino, televiziya və qiraət sənətini birləşdirən bütöv və çoxşaxəli yaradıcılıq salnaməsidir.

Əliabbas Qədirov haqqında sənət dostlarının duyğusal çıxışlarından sonra səhnədə mənə elə gəldi ki, onun ruhu həmin an ordaydı. Ruhuyla bizi görürdü. Həm də müqəddəs cümə günündə onun ruhunun şad olması bizlərə savab idi. Çünki Əliabbas müəllim özü də Allahına və dininə bağlı insan idi. Müqəddəs Məkkə və Mədinə, Həcc mübarək torpaqlarına qədəm qoymuşdu. İndi onun ruhu həm də Peyğəmbərlərin ruhlarının yanındadır.
Azdrama rəhbərliyi və kollektivi də çox sağ olsunlar. Bir zaman özü Fətəli rolunu oynayan sənətkarın ruhuna ithaf edilən “Qürbətdən gələn məktublar” tamaşası nümayiş olundu. Tamaşa təsadüfi seçilməmişdi – o, Əliabbas müəllimin yaradıcılıq bioqrafiyasında xüsusi yer tutan işlərdən biri idi və həmin axşam səhnədə onun izi, nəfəsi və enerjisi açıq-aşkar hiss olunurdu.
Tamaşa yalnız coğrafi qürbəti yox, həm də mənəvi ayrılığı, xatirə və zamanla qurulan dialoqu əks etdirirdi. Məktub motivi səhnədə oxunan hər fraqmenti həm obrazların, həm də tamaşaçıların daxili monoloquna çevirdi. Həsrət və zaman motivi yubiley gecəsinin ümumi ovqatı ilə üst-üstə düşərək tamaşaya xüsusi emosional dərinlik qazandırırdı.
Səhnə quruluşu minimalizmə söykənsə də, söz və aktyor oyununun ön plana çıxmasına imkan verirdi. Musiqi və işıq tərtibatı məktub motivinin emosional yükünü tamamlayırdı. Aktyorlar obrazların psixoloji qatlarını hər detalda tamaşaçıya çatdırır, tərəf müqabil ilə enerjili ünsiyyət qurur, hər fraqmentdə təbii və ölçülü emosional axın yaradırdılar.
Fətəli rolunu ifa edən aktyor  Əli Nurzadə səhnədə obrazın dramatik yükünü hiss etdirirdi. Əliabbas Qədirovun  Fətəli obrazını canlandıran aktyor Əli Nurzadə  səhnəyə xüsusi enerji və psixoloji dərinlik qatdı. Digər aktyorlar və aktrisalar da öz rollarını diqqətlə işləyərək tamaşanın ritmini qorudular və kollektiv oyun prinsipi ilə vahid atmosfer yaratdılar.
“Qürbətdən gələn məktublar” həmin axşam təkcə bir tamaşa deyildi. O, bir sənətkarın ruhuna yazılmış teatr məktubu, onun sənət və irsini yaşadan canlı xatirə idi. Tamaşa həm Əliabbas Qədirovun xatirəsinə ehtiram, həm də Azərbaycan teatrının canlı nəfəsinin göstəricisi olaraq yadda qaldı.

 

 

 

Müəllif: Fuad Biləsuvarlı
AYB və AJB üzvü, Prezident və
Həsən bəy Zərdabi mükafatçısı

Mənbə: Azərbaycan.media