Azərbaycan.media xəbər verir ki, NATO rəhbəri Mark Rutte Brüsseldə keçirilən nazirlər toplantısında və Münhen Təhlükəsizlik Konfransı ərəfəsində çıxış edərək, Rusiyanın Ukraynadakı hərbi irəliləyiş tempini istehza ilə qiymətləndirib və Avropada NATO daxilində artan həmrəyliyi vurğulayıb.
Rutte bildirib ki, son illər Avropa ölkələri müdafiə xərclərinin azlığına görə tənqid olunurdu. Lakin Haaqa sammitindən sonra vəziyyət dəyişib, Avropa dövlətləri arasında birlik və ortaq mövqe daha da güclənib. O qeyd edib ki, Avropa artıq NATO çərçivəsində daha çox məsuliyyət götürməyə və liderlik rolunu paylaşmağa hazırdır.
Ukraynadakı müharibəyə toxunan Rutte, Rusiyanın ciddi itkilər verdiyini və Moskvanın özünü güclü “ayı” kimi təqdim etməyə çalışdığını bildirib. Lakin onun sözlərinə görə, Rusiyanın irəliləyişi “bağ ilbizi sürəti” ilə gedir və bu səbəbdən Rusiya təbliğatına aldanmamaq lazımdır.
Bundan əlavə, NATO rəsmilərinin qiymətləndirmələrinə görə, yaxın bir il ərzində Ukrayna müdafiə xəttinin tam çöküşü ehtimalı azdır. Qarşıdakı aylarda müharibənin əsasən resursların tükəndirilməsi formatında davam edəcəyi, taktiki üstünlüyün müəyyən dərəcədə Rusiyanın tərəfində olsa da, onun əldə etdiyi irəliləyişlərin məhdud olacağı proqnozlaşdırılır.
Məlumat AzPolitika.info-ya istinadən təqdim olunur.
