🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Samir Vəliyev: “Zəfər seçkisi müasir Azərbaycanın yeni mərhələsinin başlanğıcıdır”

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı Samir Vəliyev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticələrindən danışıb.

Deputat bildirib ki, ötən illər ərzində aparılan müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan sabitlik, təhlükəsizlik və inkişaf məkanına çevrilib, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Onun sözlərinə görə, 2024-cü il fevralın 7-də keçirilmiş və tarixə “Zəfər seçkisi” kimi düşən prezident seçkilərində xalq bir daha dövlət başçısına yüksək etimad göstərib. Fevralın 14-də isə Prezident İlham Əliyev and içərək qarşıdakı hədəflərlə bağlı mühüm mesajlar verib və bununla da müasir Azərbaycanın tarixində yeni mərhələnin əsası qoyulub.

Samir Vəliyev qeyd edib ki, andiçmə mərasimində dövlət başçısı ölkənin gələcək inkişaf prioritetləri, regiondakı vəziyyət və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması məsələlərinə geniş toxunub. Deputatın sözlərinə görə, Prezidentin vurğuladığı kimi, iki ölkə arasında münasibətlərin normallaşması beynəlxalq gündəlikdən çıxarılmalı və birbaşa dialoq yolu ilə həll edilməlidir. O bildirib ki, ötən ilin martında sülh sazişi layihəsinin razılaşdırılması və avqustda Vaşinqtonda paraflanması bu yanaşmanın effektivliyini göstərib.

Millət vəkili Azərbaycanın müstəqil siyasi kurs həyata keçirdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkənin xarici siyasəti milli maraqlara əsaslanan, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə söykənən çoxvektorlu xətt üzərində qurulub. Bu siyasət nəticəsində Azərbaycanın həm regionda, həm də beynəlxalq müstəvidə nüfuzu artıb.

Deputat respublikanın beynəlxalq təşkilatlarda fəal təmsil olunduğunu vurğulayaraq, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu nəticələrini qeyd edib. O bildirib ki, 2019-cu ildə Bakıda keçirilən Zirvə Görüşündə Azərbaycanın quruma sədrliyi rəsmiləşdirilib və sonradan bu müddət uzadılıb. Həmçinin, BMT-nin iqlim konfransı olan COP29a ev sahibliyinin Azərbaycana həvalə olunması ölkəyə beynəlxalq etimadın göstəricisi kimi qiymətləndirilib.

Samir Vəliyev əlavə edib ki, yeni dövrdə xarici siyasətin əsas prioritetlərindən biri Türk dünyasına inteqrasiyanın dərinləşdirilməsidir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı prioritet elan etməsi bu istiqamətdə strateji xəttin davamı kimi dəyərləndirilib.

Deputatın fikrincə, suverenliyin tam bərpası yeni dövrün başlanğıcıdır və “Yeni hədəflərə doğru!” şüarı ilə keçirilən seçkilər xalqın bu kursa dəstəyini nümayiş etdirib. O vurğulayıb ki, qarşıdakı mərhələdə də Azərbaycan yeni uğurlara imza atacaq.