Azərbaycan.media xəbər verir ki, Azərbaycan rəqəmsal inkişafın yeni mərhələsinə qədəm qoyur. Artıq ölkənin inkişaf prioritetləri yalnız enerji resursları və nəqliyyat dəhlizləri ilə məhdudlaşmır. XXI əsrdə əsas kapital məlumat, əsas hərəkətverici qüvvə isə süni intellekt hesab olunur. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr edilən müşavirə də məhz bu strateji kursun konturlarını müəyyənləşdirib.
Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, ölkənin coğrafi mövqeyi indiyədək enerji və nəqliyyat layihələrində üstünlük yaradıbsa, indi bu potensial rəqəmsal magistralların formalaşdırılmasına yönəldilməlidir.
Deputatın sözlərinə görə, rəqəmsal transformasiyanın əsas dayaqlarından biri enerji təminatıdır. Süni intellekt sistemləri və iri data mərkəzləri böyük enerji resursları tələb edir. Son 20 ildə Azərbaycanın generasiya gücü iki dəfə artaraq 10 min meqavata çatıb və hazırda minlərlə meqavatlıq ehtiyat potensial mövcuddur. Eyni zamanda, bərpaolunan enerji sahəsində imzalanmış müqavilələr gələcəkdə əlavə güc yaradacaq. Bu isə ölkəyə “yaşıl enerji” əsaslı data mərkəzləri qurmaq və Avropanın karbon neytrallığı siyasəti ilə uzlaşmaq imkanı verir.
Elnarə Akimova vurğulayıb ki, investisiya mühitinin sabitliyi də rəqəmsal keçidi sürətləndirən əsas faktorlardandır. Son 20 ildə iqtisadiyyata yüz milyardlarla dollar sərmayə yatırılması, xarici investisiyaların qorunması və uzunmüddətli enerji müqavilələrinin icrası Azərbaycanı etibarlı tərəfdaş kimi möhkəmləndirib.
Onun fikrincə, yeni rəqəmsal model yalnız infrastrukturla məhdudlaşmamalıdır. Dövlət idarəçiliyində vahid platformaya keçid əsas prioritet kimi müəyyənləşdirilib. Dövlət xidmətlərinin “mygov” sistemi üzərindən mərkəzləşdirilməsi, süni intellektin qərarvermə proseslərinə inteqrasiyası və kibertəhlükəsizliyin gücləndirilməsi bu arxitekturanın əsas elementləridir. Bu yanaşma Estoniya və Sinqapur kimi ölkələrin uğurlu e-hökumət modellərinə uyğun xətt üzrə qurulur.
Deputat xüsusilə insan kapitalının roluna diqqət çəkib. Onun sözlərinə görə, rəqəmsal dövlət konsepsiyasının uğuru rəqəmsal düşüncəyə malik nəsillərin yetişdirilməsindən asılıdır. Orta məktəblərdə süni intellektlə bağlı ilkin biliklərin tədris proqramına daxil edilməsi uzunmüddətli və strateji addım kimi qiymətləndirilir. Qlobal təcrübə göstərir ki, ABŞda hesablama təfəkkürü tədris olunur, Çin süni intellekti məktəb proqramlarına daxil edib, Cənubi Koreya və Sinqapur isə ibtidai siniflərdən kodlaşdırmanı təşviq edir.
Azərbaycanda da bu istiqamətdə atılacaq addımlar yalnız proqramlaşdırma bacarıqlarının aşılanması ilə məhdudlaşmamalıdır. Analitik düşüncə, problem həll etmə qabiliyyəti, məlumat təhlükəsizliyi və rəqəmsal etik mədəniyyət yeni nəslin əsas kompetensiyaları kimi formalaşdırılmalıdır. Bunun üçün müəllim hazırlığı gücləndirilməli, müasir tədris resursları təmin edilməli və region məktəblərində texniki imkanlar genişləndirilməlidir.
Beləliklə, Azərbaycanın yeni rəqəmsal arxitekturası enerji potensialından başlayaraq data mərkəzlərinə və oradan da məktəb partalarına qədər uzanan vahid strateji xətt üzərində qurulur. Məqsəd ölkəni yalnız regional enerji və nəqliyyat qovşağı deyil, eyni zamanda rəqəmsal hab kimi mövqeləndirməkdir. Dövlət səviyyəsində bu sahəyə xüsusi nəzarətin müəyyənləşdirilməsi isə Azərbaycanın rəqəmsal gələcəyini planlı və sistemli şəkildə formalaşdırmaq niyyətinin açıq göstəricisi kimi qiymətləndirilir.
Azərbaycan.media
