Azərbaycan.media xəbər verir ki, Ağ Ev fevralın 19-da Vaşinqtonda Qəzza zolağında nizamlanmaya həsr olunmuş Sülh Şurası iştirakçılarının görüşünü keçirməyi planlaşdırır.
Bu barədə “Axios” portalı məlumat yayıb. Bildirilib ki, sözügedən toplantı Sülh Şurasının ilk görüşü olmaqla yanaşı, Qəzza zolağının yenidən qurulması üçün vəsaitlərin toplanmasına həsr edilən konfrans formatında təşkil olunacaq.
Məlumata görə, Ağ Ev bu görüşün Fələstin anklavında nizamlanma planının ikinci mərhələsinin həyata keçirilməsinə töhfə verəcəyinə ümid edir. Vaşinqton administrasiyası artıq fevralın 6-dan etibarən bir sıra ölkə liderlərini görüşə dəvət etmək və logistika məsələlərini müzakirə etmək məqsədilə təmaslara başlayıb. Dəvət olunan dövlətlərin siyahısı açıqlanmayıb.
Portal eyni zamanda qeyd edib ki, görüşün keçirilməsi ilə bağlı planlar dəyişdirilə bilər. Bundan başqa, ABŞ Prezidenti Donald Trampın fevralın 18-də İsrailin Baş naziri Benyamin Netanyahunu Ağ Evdə qəbul edəcəyi gözlənilir.
