🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

BDYPİ sürücülərə müraciət etdi: Uzun səfərlərdə təhlükəsizlik qaydalarına ciddi əməl edin

Azərbaycan.media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə çıxan sürücülərə müraciət edərək uzun məsafəli yolçuluq zamanı fasilələrin verilməsinin, avtomobilin texniki vəziyyətinin əvvəlcədən yoxlanmasının və yol şəraitinə uyğun hərəkət edilməsinin vacibliyini vurğulayıb.

Müraciətdə qeyd olunub ki, həftəsonları ölkə əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir. Xüsusilə istirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv nəqliyyat axını fonunda yol-nəqliyyat hadisələrinin sayı artır.

BDYPİ-nin məlumatına görə, baş verən qəzalar əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur. Bildirilib ki, həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır.

Vurğulanıb ki, yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən və sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır. Texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur.

BDYPİ sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, səfər zamanı özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini prioritet hesab etməyə çağırıb.