🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Fatimə Hacıbəyli: Müəllimə qarşı zorakılıq fərdi hadisə deyil, sistemli sosial problemdir

Azərbaycan.media xəbər verir ki, sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli müəllimə qarşı silahlı zorakılıq faktına yalnız fərdi psixoloji problem kimi yanaşmağın doğru olmadığını bildirib və hadisənin daha geniş sosial kontekstdə dəyərləndirilməsinin vacibliyini vurğulayıb.

Ekspertin sözlərinə görə, belə hadisələr tək bir şagirdin davranışı ilə izah edilə bilməz: “Müəllimə qarşı silahlı zorakılıq ailə nəzarətinin zəifləməsi, rəqəmsal mühitin nəzarətsizliyi və psixoloji mexanizmlərin vaxtında işləməməsi fonunda formalaşan daha geniş sosial problemin göstəricisidir. Şübhəsiz ki, hadisəni törədən şəxsin psixoloji durumu ciddi araşdırılmalıdır, lakin bu cür hallar əksər hallarda mühitdən, tərbiyədən və nəzarətsizlikdən kənar yaranmır”.

Fatimə Hacıbəyli qeyd edib ki, son illər uşaqların və yeniyetmələrin sosial şəbəkələrə və kompüter oyunlarına nəzarətsiz çıxışı onların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə zorakılığı normallaşdıran və aqressiyanı təşviq edən məzmunlara uzunmüddətli məruz qalma ailə və məktəb nəzarəti zəif olduqda riskləri daha da artırır. Onun fikrincə, problemin kökü oyunların və rəqəmsal platformaların mövcudluğunda deyil, onların yaşa uyğunluğuna və istifadəsinə nəzarətin olmamasındadır.

Ekspert ailə-valideyn məsuliyyətinin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Uşağın davranışındakı dəyişikliklərə vaxtında reaksiya verilməməsi, emosional boşluqların görməzlikdən gəlinməsi bu cür faciəvi nəticələrə zəmin yarada bilər. Eyni zamanda, məktəblərdə psixoloji xidmətlərin formal deyil, real və preventiv şəkildə fəaliyyət göstərməsi risklərin azaldılmasında mühüm rol oynayır.

Fatimə Hacıbəyli vurğulayıb ki, baş verən hadisə nə təkcə bir şagirdin psixoloji problemi, nə də yalnız rəqəmsal mühitin təsiri kimi qiymətləndirilməlidir: “Bu, ailə, məktəb və cəmiyyətin birgə məsuliyyət daşıdığı, sistemli yanaşma tələb edən ciddi sosial problemdir. Problemin kökünə enilmədiyi və preventiv addımlar atılmadığı təqdirdə, bu cür hadisələrin təkrarlanma riski qalmaqda davam edəcək”.

Mənbə: Azərbaycan.media