Azərbaycan.media xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elnarə Akimova uşaqlar arasında baş verən ağır hadisələrlə bağlı əsas diqqətin fərdi faktlara deyil, bu nöqtəyə gətirən sistemli problemlərə yönəldilməsinin vacibliyini bildirib.
Deputatın sözlərinə görə, əsas sual uşağın bu həddə necə gəlib çatmasıdır: onu bu nöqtəyə gətirən amillər nələrdir və niyə vaxtında müdaxilə olunmayıb. Hadisələr fonunda kompüter oyunlarının təsiri, sosial şəbəkələrin rolu və ailə nəzarətinin zəifliyi ön plana çəkilsə də, məsuliyyəti yalnız bu faktorların üzərinə atmaq doğru yanaşma deyil. Elnarə Akimova vurğulayıb ki, zorakılıq meyli tək bir səbəbin yox, sistemli boşluqların nəticəsidir.
Onun fikrincə, bu gün uşaqların böyük hissəsi virtual dünyada yaşayır və aqressiv məzmunlu sosial şəbəkələr, oyunlar onların emosional dünyasını formalaşdırır, empati qurmaq qabiliyyətini zəiflədir. Lakin əsas problem bu proseslərin ailə və məktəb tərəfindən nəzarətsiz buraxılmasıdır. Valideynlərin çoxu uşağın psixoloji durumunu deyil, yalnız qiymətini və ya imtahan nəticəsini izləyir. Məktəblərdə isə erkən müdaxilə mexanizmləri ya mövcud deyil, ya da formal xarakter daşıyır. Bir çox təhsil müəssisəsində psixoloq anlayışı kağız üzərində qalır, real və effektiv sistem isə işləmir.
Elnarə Akimova müəllim nüfuzunun cəmiyyətdə sürətlə aşağı düşməsini də böhranın əsas səbəblərindən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, müəllim artıq tərbiyə edən, emosional dayaq olan fiqur kimi deyil, yalnız proqram icraçısı kimi qəbul olunur. Bu isə müəllim–şagird arasında emosional bağın qırılmasına, qarşılıqlı hörmətin və empati hissinin itirilməsinə gətirib çıxarır. Nəticədə yaranan boşluğu virtual dünya və yanlış rol modelləri doldurur.
Deputat uşaqların mütaliədən uzaq düşməsinin də təhlükəli tendensiya olduğunu bildirib. O qeyd edib ki, kitab oxumayan uşaq düşünməyi, hiss etməyi və başqasının ağrısını anlamağı öyrənmir. Məktəbin bu boşluğu doldurmaq imkanları isə məhdudlaşıb, çünki əsas təhsil yükü repetitor sisteminə keçib. Uşaq məktəbi bilik və ünsiyyət məkanı deyil, formal mərhələ kimi görür və müəllimlə canlı əlaqə zəifləyir.
Müəllimlərin üzərinə düşən həddindən artıq inzibati yük də xüsusi vurğulanıb. Hesabatlar, sənədlər və proqram təzyiqi müəllimi şagirdin daxili dünyasına vaxt ayırmaqdan məhrum edir. Halbuki bir çox faciənin qarşısı məhz bu diqqət və erkən müşahidə ilə alına bilərdi. Deputatın fikrincə, müəllimlə şagird arasında qırılan emosional bağ təhlükəsizlik zəncirinin ən vacib halqasının qırılması deməkdir.
Elnarə Akimova bildirib ki, məsələ artıq ayrı-ayrı hadisələr çərçivəsində qiymətləndirilməməlidir. Əsas sual budur: niyə məktəblərdə psixoloji vəziyyətə erkən müdaxilə mexanizmləri işləmir və niyə qanunvericilik mövcud reallıqlara uyğunlaşdırılmır. Onun sözlərinə görə, psixoloji təhlükəsizlik, ailə nəzarəti, sosial şəbəkə və oyun məzmununa nəzarət, müəllimin statusunun bərpası kompleks şəkildə həll olunmalıdır.
Deputat sonda vurğulayıb ki, bu gün baş verənlər sabah daha ağır hadisələrin xəbərçisi olmamalıdır. Məktəb qorxu deyil, güvən məkanı olmalı, müəllim yenidən şagird üçün dayaq nöqtəsinə çevrilməlidir. Əks halda, yaranacaq nəticələrin məsuliyyəti təkcə bir ailənin və ya məktəbin deyil, bütün cəmiyyətin üzərində qalacaq.
