🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əbu-Dabidən dünyaya sülh çağırışı: Münaqişədən etimada uzanan tarixi yol

Azərbaycan.media xəbər verir ki, 2026-cı il fevralın 4-də Əbu-Dabidə beynəlxalq ictimaiyyət üçün rəmzi və tarixi əhəmiyyət daşıyan hadisə baş verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan dünyanın ən nüfuzlu humanitar mükafatlarından biri olan “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüblər. Bu qərar ayrı-ayrı şəxslərin deyil, uzunmüddətli münaqişədən sonra sülhə, dialoqa və qarşılıqlı etimada yönəlmiş siyasi iradənin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir.

Mükafat Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyənin adını daşıyır və dinlərarası dialoq, mədəniyyətlərarası anlaşma, humanizm və sülh ideallarının təşviqinə töhfə verən lider və qurumlara təqdim olunur. Beynəlxalq münsiflər heyətinin qərarı ilə verilən mükafatın əsas meyarları münaqişələrin dinc yolla həlli, insan ləyaqətinin qorunması və xalqlar arasında etimadın möhkəmləndirilməsidir. Bu baxımdan Azərbaycan–Ermənistan arasında onilliklər davam edən qarşıdurmadan sonra əldə olunan sülh razılaşması mükafatın fəlsəfəsi ilə tam uyğunluq təşkil edir.

Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi beynəlxalq aləmdə geniş rezonans doğurub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Qırğızıstan Prezidenti Sadır Japarov, Livan Prezidenti Cozef Aun, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və İordaniya Kralı II Abdullah laureatları təbrik edərək bu qərarın regionda və dünyada sülhə xidmət edən mühüm siyasi mesaj olduğunu vurğulayıblar. Təbriklərdə Prezident İlham Əliyevin ardıcıl və prinsipial siyasəti nəticəsində müharibədən sülhə keçidin mümkünlüyünün sübuta yetirildiyi xüsusi qeyd olunub.

Mükafatın təqdimetmə mərasimində Prezident İlham Əliyevin çıxışı isə prosesin ideoloji və mənəvi mahiyyətini aydın şəkildə ortaya qoyub. Dövlət başçısı Şeyx Zayedin adını daşıyan mükafata layiq görülməsini böyük şərəf adlandıraraq, onun uzaqgörən liderliyinin BƏƏ-ni dünyanın ən uğurlu və firavan ölkələrindən birinə çevirdiyini bildirib. Prezident vurğulayıb ki, bu siyasi xətt bu gün də Əbu-Dabinin müasir inkişaf modelini formalaşdıran Şeyx Məhəmməd tərəfindən uğurla davam etdirilir.

Çıxışın əsas hissəsi Azərbaycan və Ermənistan arasında yaranmış yeni reallığa həsr olunub. Otuz ildən artıq davam edən münaqişədən sonra artıq altı aydır ki, regionda sülh şəraiti hökm sürür. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan bu sülhü “öyrənir” və bu proses ölkə üçün yeni, lakin dərin mənəvi rahatlıq gətirən bir mərhələdir. Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonra keçən altı ay əməkdaşlıq və dayanıqlı sülhə doğru real irəliləyiş dövrü kimi xarakterizə olunur.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də keçirilmiş üçtərəfli Vaşinqton Zirvə Görüşü nəticəsində sülh sazişi paraflanıb, Birgə Bəyannamə imzalanıb və Prezident Donald Tramp şahid qismində sənədə imza atıb. Bu sənədlər faktiki olaraq üç onillik davam edən qanlı münaqişəyə son qoyub. Ardınca atılan praktiki addımlar – Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, neft məhsullarının ixracına başlanması və ticarət əlaqələrinin genişləndirilməsi – sülhün real əməkdaşlıq mexanizmi olduğunu nümayiş etdirib.

Prezident İlham Əliyev çıxışında dinlərarası dialoqun və qlobal mənəvi həmrəyliyin rolunu da xüsusi vurğulayıb, Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibə və Roma Papası Leoya göstərdikləri dəstəyə görə təşəkkür edib. Bu yanaşma sülhün təkcə siyasi razılaşma deyil, dəyərlər üzərində qurulan uzunmüddətli proses olduğunu bir daha təsdiqləyib.

Əbu-Dabidə keçirilən mərasimin simvolik əhəmiyyəti də diqqət çəkir. Məhz bu şəhərdə, Vaşinqton Sammitindən bir ay əvvəl Azərbaycan və Ermənistan arasında son danışıqlar raundu baş tutub və Şeyx Məhəmmədin dəstəyi ilə əldə olunan razılaşma sonradan ABŞ paytaxtında rəsmiləşdirilib. Bu ardıcıllıq göstərir ki, sülh təsadüfi deyil, siyasi iradə, beynəlxalq dəstək və qarşılıqlı etimadın nəticəsidir.

Dünyaya ünvanlanan mesaj aydındır: dərin etimadsızlıq və ağır itkilərlə müşayiət olunan uzunmüddətli münaqişələr fonunda belə sülh mümkündür. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi isə bu həqiqətin artıq qlobal miqyasda qəbul edildiyini təsdiqləyən siyasi və mənəvi sənəd kimi tarixdə qalır.

Elnarə Akimova –
Milli Məclisin deputatı,
YAP Siyasi Şurasının üzvü,
Filologiya elmləri doktoru

Azərbaycan.media