Bakı-Qroznı aviaxətti ilə uçarkən qəzaya uğrayan təyyarənin bələdçisi, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu, magistri və doktorantı Hökümə Əliyevanın timsalında təyyarədə həlak olan bütün sərnişinlərin əziz xatirəsinə
Onu göyün qatında,
Qəfil haqladı fələk.
Ölüm ayağında da,
Ümid verdi, deyərək,-
“Hər şey yaxşı olacaq”.
Onun mübarizliyi,
Heyran etdi hər kəsi.
O, bir səma mələyi,
Təmkin mücəssəməsi,
“Hər şey yaxşı olacaq”.
Qəhrəmanlıq məbədi,
Azərbaycan qadını.
Səmalara əbədi
Həkk elədi adını,
“Hər şey yaxşı olacaq”.
Bu, onun son kəlməsi,
Erkən vidası oldu.
Tarixə döndü səsi,
Ən son nidası oldu,
“Hər şey yaxşı olacaq”.
Aylar, illər ötsə də,
Xatirələr qalacaq.
Hayıf, yaxşı olmadı,
Ümidlə deyilsə də,
“Hər şey yaxşı olacaq”.
“Hər şey yaxşı olacaq”.
Anar Məmmədov
27.12.2024
Mənbə: Azərbaycan.media
