🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ekspert: 2026-cı ildə internet tarifləri təxminən 20 faiz bahalaşa bilər

Azərbaycan.media xəbər verir ki, artan inflyasiya, yüksələn xidmət və logistika xərcləri fonunda internet tariflərinin gələn il bahalaşması cəmiyyətdə maraq doğurur. Qonşu ölkələrdə artıq baş verən qiymət artımları Azərbaycanda da oxşar addımların atıla biləcəyinə dair ehtimalları artırır.

 Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, internet tariflərinin bahalaşması təkcə Azərbaycana xas deyil. Onun sözlərinə görə, qlobal maliyyə prosesləri və inflyasiya bütün sahələrdə xərclərin artmasına səbəb olur:

“Zaman keçdikcə məhsulların, xidmətlərin, logistika xərclərinin, eləcə də işçilərin əməkhaqlarının artması operatorların ümumi xərclərinə təsir göstərir. Bu da tariflərin yüksəlməsi ilə nəticələnir”.

V.Oruc qeyd edib ki, 2025-ci ildə qonşu ölkələrdə internet tariflərində 10–40 faiz artım müşahidə olunub. Türkiyədə son iki ildə tariflər təqribən 40 faiz bahalaşıb, Rusiya, Ermənistan və Gürcüstanda isə artım 10–20 faiz civarında olub.

Ekspert həmçinin əvvəlki illərdə bəzi provayderlərin də qiymət artımına getdiyini xatırladıb:

“İnternet paketləri 18 manatdan 25 manata, 25 manatdan isə 30 manata qaldırılıb ki, bu da 30–40 faizlik artım deməkdir”.

Vüqar Oruc bildirib ki, 2026-cı ildə də internet tariflərinin artım ehtimalı var, lakin ötən il ciddi bahalaşma baş verdiyi üçün kəskin artım gözlənilmir:

“Ehtimal edirəm ki, artım təqribən 20 faiz civarında ola bilər. Məsələn, 25 manatlıq paketlərin 30 manata, 30 manatlıq paketlərin isə 35 manata yüksəldilməsi mümkündür”.