Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində işğaldan azad olunan ərazilərə səfər edən vətəndaşlara vacib tövsiyələr verib.
Yalnız müvafiq icazəsi olan şəxslərin sərbəst və maneəsiz gediş-gəlişi təmin ediləcək. Vətəndaşlar müvəqqəti polis postlarında təqdim olunan təlimat-bildirişlərə uyğun hərəkət etməli, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət etməlidir.
DİN həmçinin vətəndaşlara aşağıdakı tövsiyələri verib:
Əraziyə tez alışan və partlayıcı maddələr daşımamaq;
Yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər etmək;
İctimai narahatlıq yaradan hərəkətlərdən çəkinmək;
Davranışlarla bölgədə sabitlik mühitinə xələl gətirməmək.
Nazirliyin Mətbuat xidmətinin məlumatında vurğulanıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin doğma Qarabağda qeyd edilməsi bayrama xüsusi şövq qatır. Polis əməkdaşları vətəndaşların tətil günlərini işğaldan azad olunmuş torpaqlarda əmin-amanlıq şəraitində keçirməsi üçün gücləndirilmiş iş rejimində çalışır və təhlükəsizliyi təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirirlər.
DİN bir daha qeyd edib ki, bu qaydalara əməl etmək həm vətəndaşların həyat və sağlamlığı, həm də bölgənin təhlükəsizliyi üçün vacibdir.
