🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Patriarx Kirill Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Azərbaycan.media xəbər verir ki, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Teleqraf-a istinadən xəbər verilir ki, məktubda Patriarx Kirill Prezident İlham Əliyevi səmimi-qəlbdən təbrik edərək, onun dövlət başçısı kimi fəaliyyətini yüksək qiymətləndirib.

Məktubda qeyd olunur ki, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifəsində ölkəsinə və vətəndaşlarına daim yüksək qayğı göstərir, uğurlu sosial-iqtisadi siyasət həyata keçirir, beynəlxalq gündəliyin formalaşdırılmasına və ictimai asayişin qorunmasına mühüm töhfələr verir. Bildirilir ki, müasir mürəkkəb geosiyasi şəraitdə bu vəzifələrin icrası dövlət başçısından strateji düşüncə, yüksək məsuliyyət və xüsusi analitik yanaşma tələb edir.

Patriarx Kirill, həmçinin Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları ilə Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası arasında mövcud olan səmərəli əməkdaşlığın dəstəklənməsinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edib. O, bu qarşılıqlı münasibətlərin gələcəkdə də inkişaf edərək insanların həyatında ənənəvi mənəvi dəyərlərin möhkəmlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Sonda Patriarx Kirill Prezident İlham Əliyevə möhkəm cansağlığı və rifah, Uca Allahdan kömək, Azərbaycan xalqının firavanlığı naminə gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.