🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Fövqəladə hallar uşaqların gözü ilə” XIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırıldı

Azərbaycan.media xəbər verir ki, dekabrın 26-da Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” XIII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

 Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyinə həsr olunmuş tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Fövqəladə Hallar, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin məsul şəxsləri, müsabiqənin Təşkilat Komitəsinin üzvləri, qaliblər, onların valideynləri və FHN yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

Müsabiqənin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərdə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, həmçinin istedadlı uşaqların üzə çıxarılması və dəstəklənməsidir.

Tədbir çərçivəsində əvvəlcə iştirakçılar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra müsabiqənin seçilmiş işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sərgi ilə tanışlıqdan sonra mükafatların təqdimetmə mərasimi baş tutub. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, məktəblilərin təqdimatında milli vətənpərvərlik ruhunda bədii hissə nümayiş etdirilib. Ardınca qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdiyi müsabiqəyə oktyabr ayında start verilib. Yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, eləcə də yumşaq oyuncaq nominasiyaları üzrə məktəb, rayon və ümumrespublika mərhələlərində keçirilib. Təşkilat Komitəsinə ümumilikdə 350 rəsm, 198 plakat, 205 əl işi, 165 texnika modeli və 98 yumşaq oyuncaq təqdim olunub. Nəticələrə əsasən, 30 nəfər I yerə, 31 nəfər II yerə, 53 nəfər III yerə layiq görülüb, 94 iştirakçı isə həvəsləndirici mükafatla təltif edilib.