🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Könül Həbibqızı: “Prezidentimizin fərmanı ilə ilk dəfə belə bir qiymətləndirmə aldım, sevincim hönkürtüyə çevrildi”

 

Azərbaycan.media xəbər verir ki, bu il 2025-ci ildə Azərbaycan Mətbuatının yaranmasının 150 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875–2025)” – Həsən bəy Zərdabi yubiley medalı ilə çoxsaylı ziyalılarımız təltif olundu. Bu siyahıda Dünya televiziyasının baş aparıcısı Könül Həbibqızı da yer alır. Azərbaycan.media olaraq biz Könül xanımla bu böyük sevincini paylaşmaq istədik.

– Könül xanım, ilk olaraq sizi bu böyük mükafat münasibətilə təbrik edirik. Mükafat xəbərini necə aldınız və reaksiyanız necə oldu?

– Çox sağ olun, Fuad! Sizə və rəhbəri olduğunuz Azərbaycan.media saytına təşəkkür edirəm ki, mənim üçün belə əlamətdar bir gündə müsahibə almaq istədiniz. Adətən mən qonaqlardan müsahibə almışam, amma bu dəfə mən müsahibənin mərkəzində oldum.
Həqiqətən çox gözlənilməz bir hadisə idi. Efir bitmişdi, evə gedirdim, taksidə oturmuşdum, telefonum səssiz rejimdə idi. Çantamı götürüb saata baxmaq istəyəndə görürəm, telefonuma dayanmadan zənglər gəlir. Nə baş verdiyini bilmirdim. Telefonu götürəndə Aybəniz Hacıyeva, televiziyamızın baş direktoru zəng etdi və dedi: “Könül xanım, təbrik edirik, siz seçilənlərdən oldunuz!”
İnanın mən o an özümü uçmağa qanadsız hiss etdim. Düzdür, bir anlıq dilim tutuldu, otuz-qırx saniyə lal oldum, danışa bilmədim. Sonra səsimi topladım, Aybəniz xanımı təbrik etdim və hönkürtü ilə ağladım. Sürücü və yanımda olan dəyərli alimlərimiz İradə xanım Əlili və İradə xanım Həsənova mənim reaksiyamı izləyirdilər. Onlara izah etdim ki, Prezidentin fərmanı ilə mükafat almışam. Onlar da sevinclərini gizlədə bilmədilər və məni qucaqladılar. İki gün boyu sevincimi yaşadım və hər kəs mənə təbrik mesajları göndərdi.

– Sizin üçün bu mükafatın xüsusi önəmi nədir?

– Bu illər ərzində çoxsaylı mükafatlar almışam, amma dövlət tərəfindən, Prezident fərmanı ilə verilən ilk mükafatım idi. Bu, mənim üçün həm böyük şərəf, həm də uzun illər ərzində gördüyüm işlərin qiymətləndirilməsi deməkdir. Hər bir quruma, nazirliklərə və qeyri-hökumət təşkilatlarına təşəkkürümü bildirirəm. Bu mükafat mənim üçün ən böyük təqdir, həm də Dünya televiziyasında çalışdığım illərin uğurunun bir göstəricisidir.

– Dünya televiziyasının uğuru ilə sizin şəxsi uğurunuz arasında necə bir əlaqə görürsünüz?

– Mən burda çalışıram və hər zaman Dünya televiziyasını seçmişəm. Başqa televiziyalardan dəvətlər olub, amma mənim üçün prioritet iş yerim burada oldu. Rəhbərliyimiz və əməkdaşlarımız mükafatımı böyük sevinc və qürurla qarşıladılar. Aybəniz xanım Hacıyeva və digər həmkarlarımın təbrikləri mənim üçün çox dəyərlidir. Bu mükafat, həm mənim, həm də Dünya televiziyasının uğurunun bir simvoludur.

– Son olaraq, mükafat alan digər şəxslərə və jurnalist həmkarlarınıza mesajınız nə olar?

– Bu mükafatı alan bütün həmkarlarımı, tanıdığım və tanımadığım hər kəsi ürəkdən təbrik edirəm. Onların uğurları biz hamımızın uğurudur. Bizim ən böyük silahımız bir mikrofon, bir qələm və bir kağız parçasıdır. Bu vasitələrlə həqiqəti çatdırırıq və insanların həyatına dəyər qatırıq. Uğurlarımızın sayı çox olsun!

Bizim əldə etdiyimiz uğurlar zəhmətimizə verilən dəyərin, əməyimizin boşa getmədiyinin göstəricisidir. Əgər bu zəhmət dövlət tərəfindən yüksək qiymətləndirilirsə, demək ki, gördüyümüz işlər layiqincə dəyərləndirilir. Mən hər zaman demişəm, bu gün də eyni fikirdəyəm: cənab Prezident, mən Sizinlə fəxr edirəm. Azərbaycanlı olduğum üçün fəxr edirəm. Azərbaycanda yaşadığım üçün fəxr edirəm. Azərbaycanlı jurnalist adını daşıdığım üçün fəxr edirəm.
Cənab Prezident, mən – Rzazadə Könül Həbibqızı – hər zaman Sizin əsgəriniz olmuşam və bu fikri səsləndirmək mənim üçün böyük qürurdur. Bu, sadəcə söz deyil, bu, mənim mövqeyim, dövlətimə və dövlət başçısına olan sədaqətimin ifadəsidir.
Bütün bunlara görə dövlətimizin başçısına, liderlərin lideri olan, dünya şöhrətli Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev cənablarına dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Qoy uğurlarımız daim bol olsun, yolumuz həmişə açıq olsun.

Söhbətləşdi: Fuad Biləsuvarlı
Mənbə: Azərbaycan.media