Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüşdə ərazi məsələlərinin mütləq gündəmə gətiriləcəyini bəyan edib.
Zelenski bu barədə jurnalistlərə açıqlamasında danışıb. Onun sözlərinə görə, hazırda üzərində işlənən 20 maddəlik planın təxminən 90 faizi tamamlanıb və məqsəd sənədi tam şəkildə yekunlaşdırmaqdır.
“Düzünü desəm, üzərində işlədiyimiz 20 maddəlik plan 90 faiz hazırdır. Məqsədimiz onu 100 faizə çatdırmaqdır. Bu asan deyil və heç kim demir ki, hər şey dərhal ideal olacaq”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Zelenski əlavə edib ki, hər bir görüş və danışıqlar arzu olunan nəticəyə bir addım da yaxınlaşmalıdır. Onun sözlərinə görə, Trampın Mar-a-Laqo iqamətgahında keçirilməsi planlaşdırılan görüşün gündəliyi kifayət qədər genişdir.
Ukrayna lideri bildirib ki, komandalar səmərəli şəkildə çalışır, sənədlərin ilkin layihələri artıq hazırlanıb. Bununla yanaşı, bəzi mühüm məsələlərin yalnız liderlər səviyyəsində müzakirə oluna biləcəyini qeyd edib. Həmin mövzular sırasında təhlükəsizlik zəmanətləri xüsusi əhəmiyyət daşıyır.
“İmzalanma ilə bağlı hazırda dəqiq fikir söyləmək çətindir. Bu görüş sənədlərin maksimum dərəcədə tamamlanmasına xidmət edir. Ərazi məsələləri müzakirə olunacaqmı? Fikir ayrılıqları olan bütün mövzuları tərəfimiz qaldıracaq”, – Zelenski bildirib.
O, həmçinin Trampla Donbas regionu və Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı məsələlərin də müzakirə ediləcəyini açıqlayıb.
“Ordu məsələsinə gəldikdə isə, razılaşmalarda hazırda nəzərdə tutulan model bizi qane edir. Bu, bizim üçün təhlükəsizlik zəmanətidir və ABŞ tərəfi bizi eşidir”, – deyə Ukrayna Prezidenti əlavə edib.
Qeyd edək ki, məlumatlara görə, Donald Trampın dekabrın 28-də, bazar günü Floridada, Mar-a-Laqo iqamətgahında Volodimir Zelenski ilə görüşü planlaşdırılır.
