🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Baş nazir: Gürcüstan inqilab ssenarisinin təkrarlanmasına imkan verməyəcək

Azərbaycan.media xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində ölkə dövlətçiliyinin əvvəlki illərlə müqayisədə daha da möhkəmləndiyini bildirib.

Onun sözlərinə görə, Gürcüstan bu gün bir, iki və ya üç il əvvəlkindən daha güclü dövlətdir və inqilab ssenarisinin yenidən həyata keçirilməsinə imkan verilməyəcək. Baş nazir son dörd il ərzində ölkədə dövlət çevrilişinə və inqilaba beş dəfə cəhd edildiyini qeyd edib.

Kobaxidze bildirib ki, bu proseslərin hamısı xaricdən dəstəklənib və ölkə daxilində təşkil olunub. Onun sözlərinə görə, konkret cinayət əməlləri törətmiş onlarla şəxs bu səbəbdən həbs edilib.

Baş nazir oktyabrın 4-də ciddi cinayətin planlaşdırıldığını və konkret ssenarinin müzakirə olunduğunu da vurğulayıb. O qeyd edib ki, həmin gün dövlət çevrilişinə cəhd edilsə də, bu plan uğursuzluqla nəticələnib.

İrakli Kobaxidzenin sözlərinə görə, müvafiq dövlət qurumları operativ və səmərəli fəaliyyət göstərərək yaranmış təhlükənin qarşısını alıb. Əks halda, proseslərin daha mürəkkəb və ağır nəticələrə gətirib çıxara biləcəyi istisna olunmurdu.