🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Aidə Adıgözəlin şeirləri

Ölümdən sonrası

 

Bilirsən, necə olur gələnlərin getməsi?
Gəl, öyrədəcəm sənə gecənin sükut səsin…
İçində sınan şüşə, qanadan qırıqların,
üstünə uçan divar, qapı-pəncərələrin.

Gəl, öyrədəcəm sənə özünlə danışmağı,
yumursan gözlərini, gözünün içində O!
Haransa ağrı verir, əlinlə axtarırsan,
hə, sən demə buraymış, sancan zəhrimar o sol…

Sonra… sonrası heç nə! Üzündə acı gülüş,
bir azca göz yaşları, divara baş döymələr.
– “Axmağın yekəsisən, dəlinin də zır təki”, –
özünə yağdırdığın ən yeddiqat söymələr.

Beləcə keçir günlər, beləcə sağalırsan,
öyrəşirsən hər gecə daş-divara dönməyi.
Üstündən keçir gedir milyon kainat ili,
göylərdən öyrənirsən ulduz kimi sönməyi.

Bax, yeri belə olur gələnlərin getməsi.
Sönmüş vulkan ocağı, sunami yumuş şəhər…
Üst-üstə qalaqlanmış çürümüş xatirələr,
zəlzələlər uçurmuş minillk sərdabələr…

 

Durnam

 

Qanadı qırılmış yaralı durnam
Məndən uzaqlarda, oralı durnam.
Səndən xəbərim yox xeyli zamandır,
ümid yox! Kimlərə soralı durnam.

Deyir yaraları sagaldır zaman,
qalmadı ovunum təsəlli filan.
Yolun gedərgəlməz, dönüşün yalan,
gözüm yollarında saralı durnam.

Vidalar doğulur ayrılıqlardan,
vidalar yoğrulur göz yaşlarından.
Gedişin ömrümü dəyişdi yaman,
günüm gecəm təki qaralı durnam.

Gözüm qara bulud, icimdə tufan,
qışım başlamamış haqladı boran.
Ocaqsız yanıram atəşdə aman,
saçımı küləklər daralı durnam.

 

Aldanmış kəvakiblər”

 

Deyirlər nə yazırsan qəm tökülür sözündən,
kənardan baxanlara döyüş necə də asan.
Gir mən duran səngərə, vuruş mənim yerimə,
“asta qaçan namərddir” – deyib çoxdan qaçarsan.

Əlli il əsir düşdüm ömrün qoşunlarına,
çıxıb gedə bilmədim solumdakı körpüdən.
Cığırlar eyni yola, uçuq istehkamlara,
qaçıb gizlənəmmədim göydən yağan mərmidən.

Əkdiyim ümidlərə ürəyimdən su verdim,
dişimlə kotan çəkdim, dırnağımla qaşıdım.
Arzu quyularıma çığır saldım gözümdən,
gün gələr dolar deyə xəlbirlə su daşıdım.

Qapqara saçlarımdan dərd hördüm hörük hörük,
min cürə rəng boyadım, xınasın, bənövşəsin.
Ağ dənlər sünbül sünbül tale kirkirəsində,
ayna, günümü ağart, saçım ağ görünməsin…

 

Mənbə: Azərbaycan.media