Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüş zamanı separatçıların xaricdən aldığı dəstək məsələsinə toxunub. Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində Ermənistandan götürülən və məhv edilən silahların dəyəri təqribən 5–6 milyard dollar təşkil edir. Bu silahların bəziləri, o cümlədən “İsgəndər M” ballistik raketi, Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. İlham Əliyev vurğulayıb ki, “İsgəndər M” raketi Ermənistanda olmamalı idi, ixracı qadağan edilmişdir.
Prezident qeyd edib ki, erməni separatçıları xaricdə – ABŞ və Fransada marafonlar keçirərək yüz milyonlarla dollar vəsait toplayırdılar. Hətta həmin separatçı liderlər vizalar alaraq bu ölkələrə gedə bilirdilər. İlham Əliyev sual edib: “Axı digər separatçı ərazilər də var, məsələn, Ukrayna, Moldova, Gürcüstan ərazilərində. Onlara Amerikaya, Fransa və Avropa ölkələrinə viza verilirmi? Yox. Amma erməni separatçılarına niyə verilirdi?”
Dövlət başçısı bildirib ki, bu vəsaitlər və dəstək vasitəsilə separatçılar Azərbaycan torpaqlarını əbədi işğal altında saxlamağı və xalqımıza zərbə vurmağı planlaşdırırdılar. İlham Əliyev vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsində bütün bu çətinliklərə baxmayaraq qələbə qazanıb və bu həqiqətlər düzgün şəkildə təhsil və ictimai məkanda təqdim olunmalıdır.
