Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına kompleksdə yaradılmış şərait barədə ətraflı məlumat verib.
Bildirilib ki, ərazisi 13 hektardan çox olan yaşayış kompleksində 11 məhəllə yerləşir. Burada ümumilikdə 60 bina inşa olunub. Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla cəmi 1268 mənzil var. Dekabr ayında bu kompleksə 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar–fevral aylarında isə daha 1164 ailənin (4772 nəfər) köçürülməsi planlaşdırılır.
Qeyd olunub ki, binalar daimi su, elektrik enerjisi və sürətli internet xətləri ilə təmin edilib, mənzillərdə istilik və isti su sistemi qurulub. Kompleksin ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb, uzunluğu təxminən 5 kilometr olan daxili yollar salınıb, idman və uşaq oyun meydançaları, velosiped zolaqları, eləcə də yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev bu yaşayış kompleksinin təməlini 2023-cü ildə qoyub. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva bu ilin fevral ayında kompleksdə aparılan tikinti işlərinin gedişi ilə də tanış olublar.
Məlumatda vurğulanıb ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasında əsas prinsip müasir standartlara uyğun yaşayış məntəqələrinin qurulması və keçmiş məcburi köçkünlərin rahat yaşayışının təmin edilməsidir. Bununla yanaşı, sosial infrastrukturun yaradılmasına xüsusi önəm verilir. İşğaldan azad edilmiş ərazilərdə müasir məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir, məşğulluğun təmin olunması məqsədilə sənaye parkları, istehsal və xidmət sahələri yaradılır. Bu tədbirlər Qarabağın və Şərqi Zəngəzurun qısa müddətdə dirçəldilməsinə və bölgənin dayanıqlı inkişafına xidmət edir.
