Azərbaycan.media xəbər verir ki, Yeni il süfrələrində geniş yer alan mayonezli “paytaxt”, “Olivye” və digər salatlarla birlikdə araq, spirtli içkilər və alkoqollu kokteyllərin qəbulu sağlamlıq üçün ciddi risk yarada bilər.
İstinadən verdiyi məlumata görə, qastroenteroloq və hepatoloq Sergey Vyalov Yeni il süfrəsi üçün ən təhlükəli qida–spirt kombinasiyalarını açıqlayıb. Həkimin sözlərinə görə, xüsusilə “Olivye” salatını şirin və güclü spirtli içkilərlə — yarışirin və şirin şampan, şirin kokteyllər və araqla birlikdə qəbul etmək kəskin pankreatitə səbəb ola bilər.
Sergey Vyalov bildirib ki, spirtli içkilərlə yağlı qidaların birləşməsi mədəaltı vəzi üçün ən ağır yüklənmə hesab olunur. Onun sözlərinə görə, içkilərin tərkibindəki şəkər orqanizmdə karbohidrat yükünü daha da artıraraq vəziyyəti ağırlaşdırır.
Mütəxəssis “Olivye” və “paytaxt” salatlarını yüngül, şəkərsiz spirtli içkilərlə — quru şərab və ya brut şampanla birləşdirməyi tövsiyə edib. O əlavə edib ki, bu salatlardan sonra əsas yemək kimi ağır souslar olmadan bişirilmiş ət, balıq və ya quş əti seçilməsi daha məqsədəuyğundur.
