🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev dövrü: müasir Azərbaycan dövlətçiliyinin Zəfər salnaməsi

Azərbaycan.mediaxəbər verir ki, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova müasir Azərbaycan tarixinin ən mürəkkəb və eyni zamanda ən şərəfli mərhələsinin Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan təkcə sosial-iqtisadi inkişaf yolu keçməyib, həm də dövlətçilik tarixinin ən mühüm strateji məqsədlərinə nail olub. Bu mərhələ güclü siyasi iradə, çevik idarəçilik, milli maraqlara söykənən prinsipial mövqe və tarixi ədalətin bərpası ilə səciyyələnir.

Elnarə Akimovanın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət idarəçiliyi sistemi məqsədyönlü şəkildə formalaşdırılıb, milli təhlükəsizlik, iqtisadi müstəqillik və sosial rifah əsas prioritetlər kimi müəyyən edilib. Xüsusilə COVID-19 pandemiyası dövründə qəbul edilən çevik və operativ qərarlar Azərbaycanı qlobal böhrandan minimum itkilərlə çıxaran ölkələrdən birinə çevirib. Səhiyyə sisteminin qısa müddətdə səfərbər olunması, Operativ Qərargahın fəaliyyəti, vaksinasiya strategiyasının vaxtında həyata keçirilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezidentin böhran idarəetmə bacarığının bariz nümunəsi kimi dəyərləndirilir.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin zirvəsi Azərbaycan tarixinə əbədi həkk olunmuş Zəfər salnaməsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin dövründə yeni keyfiyyət mərhələsinə yüksəlib. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi sənayenin yaradılması, müasir döyüş texnologiyalarının tətbiqi Azərbaycan Silahlı Qüvvələrini regionun ən güclü ordularından birinə çevirib. Bu strategiyanın nəticəsi 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə ilə təsdiqlənib.

Elnarə Akimova qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalq–ordu birliyi və milli ruhun gücü sayəsində Azərbaycan işğal altındakı torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa edib. Şuşanın azad olunması Qələbənin həm hərbi, həm də mənəvi zirvəsi kimi tarixə düşüb. Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması isə Prezidentin siyasi uzaqgörənliyinin və diplomatik məharətinin nəticəsi olub.

Deputat diqqətə çatdırıb ki, müharibə dövründə Prezident İlham Əliyevin apardığı qələbə diplomatiyası informasiya müharibəsi tarixində xüsusi yer tutur. Beynəlxalq mediaya verilən müsahibələr vasitəsilə Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb, dezinformasiya cəhdləri ifşa olunub və ölkəmizin haqlı mövqeyi qlobal miqyasda qəbul edilib.

Onun sözlərinə görə, 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub, dövlət bayrağının Xankəndidə qaldırılması Prezidentin illər əvvəl verdiyi sözün əmələ çevrildiyini nümayiş etdirib. Dövlət Suverenliyi Gününün təsis edilməsi isə bu tarixi mərhələnin rəsmi-siyasi təsdiqi kimi qiymətləndirilib.

Elnarə Akimova bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Böyük Qayıdış Proqramı Qarabağ və Şərqi Zəngəzurun qısa müddətdə dirçəldilməsini təmin edib. Yeni şəhər və kəndlərin salınması, yolların, hava limanlarının, enerji və sosial infrastrukturun yaradılması bu ərazilərin Azərbaycanın ümumi iqtisadi sisteminə reinteqrasiyasını sürətləndirir.

Deputat sonda vurğulayıb ki, Prezident İlham Əliyevin fəaliyyəti sübut etdi: sözlə əməl bir olduqda dövlət güclənir, xalq birləşir və tarix dəyişir. Onun rəhbərliyi dövründə Azərbaycan qalib dövlət, xalq isə müzəffər xalq kimi regionda və dünyada mövqeyini möhkəmləndirib.

Mənbə: Azərbaycan.media