Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
Dövlət başçısı səfər çərçivəsində qəsəbə sakini Yadigar Əsədovanın evinə baş çəkib və ailə üzvləri ilə səmimi söhbət aparıb.
Sakin Prezident İlham Əliyevi “Xoş gəlmisən!” sözləri ilə qarşılayıb. Dövlət başçısı isə cavabında “Siz də doğma vətənə xoş gəlmisiniz!” deyə bildirib.
Qadın sakin Prezidentə müraciət edərək, “Allah səni saxlasın. Millətimizi öz vətəninə gətirdin, çox sağ ol”, – deyə təşəkkür edib.
Prezident İlham Əliyev işğal dövründə harada yaşadıqları ilə maraqlanıb. Sakin bildirib ki, həmin illərdə Gəncə şəhərində yataqxanada məskunlaşıblar.
Söhbət zamanı dövlət başçısı ailənin yeni doğulan körpəsi ilə də maraqlanıb. Körpənin 13 günlük olduğu bildirildikdə Prezident İlham Əliyev gülümsəyərək, “Maşallah!” deyib və onun Gəncədə doğulduğunu öyrənib. Dövlət başçısı ailəni bir daha təbrik edib.
Prezidentin sakinlərlə bu səmimi görüşü doğma torpaqlara qayıdışın yaratdığı sevinc və qürur hissini bir daha nümayiş etdirib.
